Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri Əfəndiyev Adil Qədir oğlunun və Məhərrəmov Fərid Asif oğlunun xatirə lövhələrinin açılışı olub

08 fevral 2022 | 11:00

Vətən Müharibəsi şəhidi Əfəndiyev Adil Qədir oğlunun və bu gün doğum günü olan Vətən Müharibəsi şəhidi  Məhərrəmov Fərid Asif oğlunun xatirə lövhələrinin açılışı olub.

Tədbirdən öncə Dədə Qorqud Şəhidliyində Məhərrəmov Fərid Asif oğlunun məzarı ziyarət edilib, daha sonra Lütfü-Zadə  küçəsi 97 ünvanında xatirə lövhəsinin  açılışı olub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Əhmədov, YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, hüquq-mühafizə orqanlarının, rayon İcra Hakimiyyətinin  nümayəndələri,   həmçinin  ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Əhmədov  bildirib ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan ordusunun növbəti təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin “Hücum” əmrini yüksək əhval-ruhiyyə ilə dəyərləndirən Vətən oğulları savaşın davam etdiyi 44 gündə tariximizin Zəfər səhifəsini yazdılar. Torpaqlarımızı  qəhrəman zabitlərimizin, əsgərlərimizin qanları, canları bahasına azad etdik. Ölümləri ilə ölümsüzləşən şəhidlərimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq!
YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə mərasimdə və digər çıxış edənlər  çıxış edərək söylədilər ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirdilər. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Bununla da bizim qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olundu.  Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidin ailə üzvləri  göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlığını bildirdi.
Mərasimdə, həmçinin məktəblilər Vətənə həsr olunan şeirlər səsləndirdilər.
Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxundu, xatirə lövhəsinin qarşısına əklil, tər gül-çiçək dəstələri düzüldü.

Keçidlər