Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən Müharibəsi şəhidi Əliyev Eldar Süleyman oğlunun doğum günüdür.

14 fevral 2022 | 11:00

Bu gün Vətən Müharibəsi şəhidi Əliyev Eldar Süleyman oğlunun doğum günüdür.
1994-cü il fevralın 13-də Bakıda anadan olmuşdur. 2000-ci ildə Bakı şəhəri 70 nömrəli məktəb-liseyə daxil olmuşdur. 2011-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültesinə daxil olmuşdur. Savadına, intellektinə görə yoldaşlarından fərqlənən Eldar, 2012-ci ildə təhsil aldığı universitetdə fakültələrarası “Nə? Harada? Nə zaman?” yarışında birinci yeri tutur. Ardınca “Breyn rinq” intellektual oyununda da eyni nəticəni təkrarlayır. “Gənclər fondu”nun təşkil etdiyi “Tələbələrarası I iqtisadi biliklər olimpiadası”nın final mərhələsində də uğurlu mübarizə aparıb.
Eldarın şahmat, riyaziyyat və müharibə-strategiya oyunlarına böyük marağı var idi.  Eldar həmçinin özünü inkişaf etdirmək üçün xarici universitetlərin təşkil etdiyi kurslarda iştirak edir, beynəlxalq sertifikatlar əldə edirdi. İngilis, rus və türk dillərini mükəmməl bilirdi. Subay idi.
2015-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra hərbi xidmətə çağırılan Eldar, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu motoatıcı hərbi hissəsində pulemyot atıcı olaraq xidmət edir.
2020-ci il 27 sentyabr İkinci Qarabağ müharibəsinin başlaması ilə birlikdə Eldar da cəbhəyə könüllü olaraq yollanır. Füzuli, Hadrut və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 13 Oktyabr tarixində Füzuli rayonu döyüşlərində qəhrəmanca şəhid olmuşdur.  Qeyd edək ki, Eldarın dayısı Əbilov Əfsər də Birinci Qarabağ Müharibəsində şəhid olmuş və Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Eldar Əliyev ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimiz Əhmədli qəsəbəsi qəbristanlığında dəfn olunmuşdur.
Doğum günündə Əhmədli Şəhidliyində şəhidimizin məzarı ziyarət edilib, daha sonra  xatirə lövhəsinin  qarşısında xatirəsi anılıb.
Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov,  hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin  ailə üzvləri və yaxınları iştirak ediblər.
Mərasimdə şəhidimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildiriblər ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan ordusunun növbəti təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin “Hücum” əmrini yüksək əhval-ruhiyyə ilə dəyərləndirən Vətən oğulları savaşın davam etdiyi 44 gündə tariximizin Zəfər səhifəsini yazdılar. Torpaqlarımızı  qəhrəman zabitlərimizin, əsgərlərimizin qanları, canları bahasına azad etdik. Ölümləri ilə ölümsüzləşən şəhidlərimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq!
Şəhidin ailə üzvləri  göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlığını bildirdilər.
Mərasimdə, həmçinin məktəblilər Vətənə həsr olunan şeirlər səsləndirdilər.
Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxundu, xatirə lövhəsinin qarşısına əklil, tər gül-çiçək dəstələri düzüldü.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!

Keçidlər