Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda İkinci Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının ailələri, qazilər Novruz bayramı ərəfəsində ziyarət edilib

15 mart 2022 | 11:00

Xətai rayonunda İkinci Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının ailələri, eyni zamanda, qazilər Novruz bayramı ərəfəsində ziyarət edilib.
Görüşlər zamanı Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi, həmrəyliyi, torpaq, Vətən sevgisi sayəsində 30 illik işğala son qoyulduğunu bildirib. O deyib: “Bu gün Prezident İlham Əliyev qalib ölkənin müzəffər Sərkərdəsi kimi işğaldan azad olunmuş ərazilərimizə səfərlər edir, oradan işğalçı dövlətə mesajlarını çatdırır. Bu çağırış daim bəyan edilir ki, Ermənistan Azərbaycan Ordusunun 44 gündə verdiyi dərsi tarix boyu unuda bilməz. Əgər Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, “Dəmir yumruq” yerindədir. Bu əminlik, bu inam Azərbaycan gənclərinin torpaq, Vətən sevgisindən, hər an torpaqlarımızın müdafiəsinə hazır olmalarından irəli gəlir”.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə şəhidliyin ən yüksək zirvə olduğunu önə çəkərək qanları, canları ilə tarix yazan Vətən oğullarının xatirəsinin daim qəlbimizdə yaşayacağını bildirib.
V.Rəhimzadə, həmçinin dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırması, eyni zamanda, tarixi Zəfərimizdən sonra ölkə Prezidentinin və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü, özündə bir çox məqamları ehtiva etdiyini bildirib. Vurğulanıb ki, şəhidlərimiz və qazilərimiz tarixi Zəfərimizin qəhrəmanları olaraq Azərbaycan xalqı üçün hər zaman əzizdirlər və onların həyat yolu gənclərimiz üçün vətənpərvərlik məktəbidir.
Görüşlər zamanı, eyni zamanda, şəhidlərimizin və qazilərimizin döyüş yolundan geniş bəhs edilib, onların torpaq, Vətən sevgisinin tarixi Zəfərimizdə əsas amil olduğu vurğulanıb.
Qazilər və şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər