Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən Müharibəsi şəhidi Kərimov Sənan Rəhman oğlunun doğum günüdür.

29 mart 2022 | 11:00

Bu gün Vətən Müharibəsi şəhidi Kərimov Sənan Rəhman oğlunun doğum günüdür. 

Kərimov Sənan Rəhman oğlu 1991-ci il martın 29-də Ağdam rayonunda anadan olub. 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb. Sənan Kərimov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Ordusunun kapitanı olan Sənan Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sənan Kərimov oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Sənan Kərimov ölümündən sonra "Vətən uğrunda" , 3-cü dərəcəli "Rəşadət" ordeni , "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.

Doğum günündə Fəxri Xiyabanda şəhidimizin məzarı ziyarət edilib, daha sonra  xatirə lövhəsinin  qarşısında xatirəsi anılıb. Şəhidinin ruhuna dualar oxunub, xatirə lövhəsinin qarşısına əklil, tər gül-çiçək dəstələri düzülüb.
204 saylı orta məktəbdə davam edən tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov,  rayon Ağsaqqallar Şurasının sədr müavini Mürvət Əsgərov, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin  ailə üzvləri və yaxınları iştirak ediblər.
Mərasimdə şəhidimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildiriblər ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan ordusunun növbəti təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin “Hücum” əmrini yüksək əhval-ruhiyyə ilə dəyərləndirən Vətən oğulları savaşın davam etdiyi 44 gündə tariximizin Zəfər səhifəsini yazdılar. Torpaqlarımızı  qəhrəman zabitlərimizin, əsgərlərimizin qanları, canları bahasına azad etdik. Ölümləri ilə ölümsüzləşən şəhidlərimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq!
Şəhidin ailə üzvləri  göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlığını bildirdilər. Mərasimdə, həmçinin məktəblilər Vətənə həsr olunan şeirlər səsləndirdilər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!

 

 

Keçidlər