Bu gün Vətən Müharibəsi şəhidi Umudlu Elmir Pərviz oğlunun xatirəsi anılıb
Bu gün Vətən Müharibəsi şəhidi Umudlu Elmir Pərviz oğlunun xatirəsi anılıb.
Umudlu Elmir Pərviz oğlu 25 mart 2001-ci ildə anadan olub. 2018-ci ildə orta məktəbi bitirən Elmir, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Texniki Kollecinin "Nəqliyyat daşımalarının təşkili" fakültəsinə daxil olub. 25 aprel 2019-cu il tarixdə çağırışla təhsilini yarımçıq qoyub hərbi xidmətə yola düşüb. Bakının N saylı hərbi hissəsində Həmlə taborunda xidmət etməyə başlamışdır. Xidmətini bitirməyə 4 gün qalmış ll Qarabağ müharibəsi başlayıb. O da digər əsgərlər kimi müharibəyə yollanaraq bir çox rayonların alınmasında iştirak edib. 28 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən şiddətli döyüşlər zamanı şəhidlik zivəsinə ucalıb.Şəhidimiz ata-baba yurdu olan Şəki rayonunun Zunud kəndində dəfn olunub.
Doğum günü münasibətilə 59 saylı tam orta məktəbin həyətində xatirə lövhəsinin qarşısında şəhidimizin xatirəsi anılıb. Şəhidinin ruhuna dualar oxunub, xatirə lövhəsinin qarşısına əklil, tər gül-çiçək dəstələri düzülüb.
Tədbirdə rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, YAP Xətai rayon Təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin ailə üzvləri, qazilər və şəhidin yaxınları iştirak ediblər. Mərasimdə şəhidimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildiriblər ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan ordusunun növbəti təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin “Hücum” əmrini yüksək əhval-ruhiyyə ilə dəyərləndirən Vətən oğulları savaşın davam etdiyi 44 gündə tariximizin Zəfər səhifəsini yazdılar. Torpaqlarımızı qəhrəman zabitlərimizin, əsgərlərimizin qanları, canları bahasına azad etdik. Ölümləri ilə ölümsüzləşən şəhidlərimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq!
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdilər. Mərasimdə, həmçinin məktəblilər Vətənə həsr olunan şeirlər səsləndirdilər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!