Xətai rayonunda 2014-cü ilin I rübünün yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.
Xətai rayon İcra Hakimiyyətinin 2014-cü ilin 3 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi.
Tədbirdə millət vəkili Hüseynbala Mirələmov, Mətbuat şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru V.Rəhimzadə, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayon icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Hesabat dövründə Xətai rayonunda iqtisadiyyatın əsas sahələrində ötən ilin
müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox məhsul istehsal olunub. Əmtəə dövriyyəsi 7,4 faiz, pullu xidmətlərin həcmi isə 4,6 faiz artıb.
Hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki,hər il olduğu kimi bu il də rayonun iqtisadi göstəriciləri yüksəlib. Müxtəlif sosial proqramlar uğurla icra edilib. Xətai rayonunun quruculuq məkanına çevrilməsinin ən mühüm səbəblərindən biri isə ölkəmizin bütün bölgələri kimi bu rayona da Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir. Qeyd olundu ki, hesabat dövründə 1300 yeni iş yeri yaradılıb. 500 nəfər münasib iş yeri ilə təmin edilib. Əhalinin orta əmək haqqı rayon üzrə 560 manata çatdırılıb. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramının icrası isə davam etdirilir. Dövlət proqramına uyğun olaraq 194 saylı məktəbin yeni müasir standartlara cavab verən binasının inşası, 63 saylı məktəbdə əlavə tədris korpusu tikintisi, 171 saylı təhsil ocağında yeməkxana və akt zalının, 48 və 56 saylı orta məktəblərin əsaslı təmiri davam etdirilir. Tikintisi nəzərdə tutulan 12 uşaq bağçasından altısı istifadəyə verilib. Rayonda Bakı “Ağ şəhər” layihəsinin inşası sürətlə aparılır, Boks federasiyasının İdman kompleksinin tikintisi davam etdirilir. Rayonda həyata keçirilən irimiqyaslı layihələr sırasına rayon İcra Hakimiyyətinin inzibati binasının yenidən qurulması işləri də yer alır. Ümumi sahəsi 1.5 hektar olan və tikintisinə noyabr ayında başlanılan binada işlər
yüksək səviyyədə həyata keçirilir. Hesabat dövründə rayon ərazisində geniş abadlıq-quruculuq işləri görülüb, çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilib, sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər görülür. Rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Zığ yolu-Nobel prospekti boyunca relyefə uyğun 65 min kv.m-dən çox ərazidə yaşıllıq massivləri salınıb. Xocalı parkı boyunca xarici ölkələrdən gətirilən gül və ağac kolları əkilib.
Hesabat dövründə Xətai rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, həyata keçirilən və əhalinin sağlamlığının qorunmasına yönələn tibbi aksiya zamanı 176 000 nəfər rayon sakini ümumi tibbi müayinədən keçib, onlardan 19 347 nəfəri ambulator, 595 nəfəri isə stasionar müalicəyə cəlb olunub.
Heydər Əliyev irsinin təbliği məqsədilə məktəblərdə açıq dəsrlər təşkil edilib.Ümumilikdə rayonun 50 məktəbi, 2125 şagird dərslərdə iştirak edib. “Xocalı soyqırımı”nın 22-ci ildönümü ilə əlaqədar rayonda fəaliyyət göstərən bütün müəssisələrdə tədbirlər keçirilib.
Digər məruzəçilər respublikamızda, həmçinin Xətai rayonunda həyata keçirilən işlərdən danışdılar.
Dövlət başcısının tövsiyyə və tapşırıqlarına uyğun olaraq rayonun müvafiq
strukturlarının fəaliyyəti təhlil olundu, qarşıda duran vəzifələrdən söhbət
açıldı.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov hesabat yığıncağını yekunlaşdırdı.