“Erkən nigah və onun fəsadları” adlı dəyirmi masa keçirildi.
Aprel ayının 18-də YAP Xətai rayon təşkilatının binasında Xətai rayon İcra Hakimiyyəti və “Dayaq” Mentorluq proqramının təşkilatçılığı ilə “Erkən nigah və onun fəsadları” adlı dəyirmi masa keçirildi. Tədbir qadınların ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə həyata keçirilirdi.
Rayon məktəblərinin 9-10-cu siniflərinin qızlarının iştirak etdiyi tədbirdə iştirakçılara maarifləndirici bukletlər və mövzunu əhatə edən vərəqələr paylandı. Tədbirdə çıxış edən mütəxəssis həkimlər bu problemə bioloji aspektdən yanaşaraq problemin insan orqanizmində yarada biləcəyi həm fiziki həm də psixoloji fəsadlardan danışdılar.
Qeyd olundu ki erkən nigahların qarşısının alınması üçün cəmiyyətdə, gənclər arasında maarifləndirməyə ehtiyac böyükdür. Son illərdə boşanan ailələrin çox hissəsinin məhz erkən qurulan ailələrin təşkil etdiyi vurğulandı.
Tədbir məktəbliləri maraqlandıran sualların cavablandırılması və qarşılıqlı fikir mübadiləsi ilə davam etdirildi.