27 nömrəli məktəbdə “Gender bərabərliyi”, “Uşaq hüquqları” və “Erkən nikaha daxil olmağa tələsmə” mövzularında maarifləndirici tədbir keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023 cü illər üçün Milli Fəaliyyət Planının təstiq edilməsi haqqında plana əsasən 29 noyabr 2022-ci tarixdə Xətai Rayon İcra Hakimiyyəti, Xətai Rayon Gənclər və İdman İdarəsi və 27 nömrəli tam orta məktəbin təşkilatçılıgı ilə “Gender bərabərliyi”, “Uşaq hüquqları” və “Erkən nikaha daxil olmağa tələsmə” mövzularında maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısı aparatının İçtimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Xətai rayon Qeydiyyat Şöbəsinin rəisi Leyla Süleymanova, 27 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova, valideyinlər və məktəbin şagirdləri iştirak etmişlər.
Xətai rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxış edərək bildirdi ki, ölkəmizdə insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əlbəttə dəyişən zaman qloballaşan dünya şübhəsiz Azərbaycan ailəsinə də öz təsirini göstərir. Amma hər halda Azərbaycan ailəsi bu gün orta statistik Avropa və eləcə də qonşu dövlətlərdən olan ailələrə nisbətən dayanıqlıdır, daha çox ailədaxili münasibətlər harmoniyaya əsaslanır, Səbəblər arasına böyük-kiçik yeri bilmək, ağsaqqal sözünü eşitmək, hörmət etmək kimi meyarlar daxildir. Azərbaycan dünyavi, hüquqi, demokratik bir dövlətdir. Hər bir vətəndaşın, o cümlədən, ailə üzvünün hüquqları qorunur. Və eyni zamanda bizim xalqımız öz adət ənənəsinə bağlılıqı, ailəyə verdiyi dəyər ilə sözün əsl mənasında bir çox inkişaf etmiş ölkələrdən olan xalqlara nümunə ola bilər. Bu dəyərləri biz unutmamalıyıq və gələcək nəsillərə ötürməliyik. Bizim ailədən gələn təlim tərbiyə, məktəblərdə ailə dəyərlərinin qorunması, Vətənə, millətə bağlılıqın ən bariz nümunəsi 44 günlük “Vətən müharibəsi” olmuşdur.
27 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova isə öz çıxışında gələcəyimiz olan uşaqların hüqüqlarının qorunması, müdafiəsi, uşaqlara diqqət, qayğı və məhəbbətin aşılanmasının vacibliyini vurğuladı. Daha sonra Xətai rayon Qeydiyyat Şöbəsinin rəisi Leyla Süleymanova bildirdi ki, erkən yaşda yeniyetmə və gənclər ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklər kimi bir çox problemlərə yol açır.
Tədbirin sonunda mövzu ətrafında gənclər tərəfindən verilən suallar cavablandırıldı.