Xətai rayon İcra Hakimiyyətinin inzibati binası tikildiyi 1979-cu ildən bəri ilk dəfə olaraq əsaslı təmir olunur.
Ümumi ərazisi 8818, tikinti sahəsi 1209 kv.m olan İcra Hakimiyyətinin əsaslı təmirinə 2013-cü ilin oktyabr ayının sonlarında başlanılmışdır.
Ötən müddət ərzində binanın fasadının üzlük hissəsi , döşəməsi,divar suvaqları sökülmüş, 1040 kv. m olan dam örtüyü müasir üslubda yenidən quraşdırılmış, 1330 kv.m döşəməyə parket üzlük vurulmuş, otaqların divarları yenidən suvanaraq ağardılmış, tavanı alçipanla üzlənmişdir.
İşçilərə yüksək səviyyəli iş şəraitinin yaradılması üçün bütün mərtəbələrdə müasir və mərkəzləşdirilmiş soyutma sistemi quraşdırılmış, yeni modul tipli istilik qazanxanası inşa edilmişdir.
Sanitar qovşaqları sökülərək əsaslı təmir edilmiş, otaqlara müasir tipli qapılar quraşdırılmış, bütün kommunikasiya xətləri, daxili elektrik xətləri yenilənmiş, müasir işıqlandırma sistemi yaradılmışdır. Binada 2 ədəd müasir tipli lift quraşdırılmışdır.
Binanın fasadı (istilik izolyasiya edilməklə) 2608 kv.m sahə İspaniyadan gətirilmiş keramik üzlük plitələrlə üzlənmişdir. Eləcə də binanın fasadında 583 kv.m sahədə pəncərə və vitrinlər quraşdırılmışdır. 220 yerlik böyük konfrans zalı və 50 yerlik kiçik iclas zalı müasir üslubda təmir edilmiş, hər mərtəbədə yanğından mühafizə şitləri quraşdırılmışdır.
Binaətrafı ərazilərdə də böyük quruculuq və abadlıq işləri görülməkdədir. Burada İcra Hakimiyyətinə müraciət edən və ətrafda yaşayan sakinlərin dincəlməsi üçün müasir tipli park salınır. Bununla bağlı olaraq 2596 kv.m sahəyə keramik metlax, giriş hissəyə 60 kv.m qranit plitələr döşənmiş, həyətdə 100 kub.m həcmi olan içməli su hovuzu, 50 kub m. həcmli yanğından mühafizə hovuzu inşa edilmişdir. Parkda müasir oturacaqların, işıqlandırma sisteminin quraşdırılması, yaşıllıq örtüyünün salınması, dekorativ ağac və gül kollarının əkilməsi nəzərdə tutulur.
İcra Hakimiyyətinin yeməkxanası binanın daxilindən çıxarılmış, bunun üçün binaya bitişik yeni yeməkxana korpusu inşa edilmişdir.
Hal-hazırda təmir işləri davam etdirilir və işlərin sürətlə aparılması binanın yaxın vaxtlarda tam istifadəyə verilməsinə əsas verir.