Xətai məktəblərində Ulu Öndərin 91 ilik yubileyi ilə bağlı tədbirlər davam etdirilir.
Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə rayonun 86 və 269 saylı orta məktəblərində tədbirlər keçirilib.
Tədbirlərdə çıxış edən rayon İcra Hakimiyyətinin şöbə müdiri Kamran İsmayılov dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolu və fəaliyyətindən danışaraq ulu öndərin hakimiyyəti dövründə respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər əldə olunduğunu qeyd etdi. Həmçinin bildirdi ki, əsası ulu öndər tərəfindən qoyulan siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Daha sonra digər çıxışçılar bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyevin müdrik siyasi və dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaratdığını qeyd etdilər.
Tədbirlər ulu öndərin həyatından bəhs edən filmin nümayişi ilə davam etdirildi.
Sonda şagirdlərin ifasında ədəbi-bədii kompazisiyalar təqdim olundu.