Yaponiyanın Kitakyuşu şəhəri ilə Xətai rayonu arasında dostluq və tərəfdaşlıq sazişi imzalanacaqdır.
Yaponiyada səfərdə olan Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti iyunun 6-da Kitakyuşu şəhərinə gəlmişlər. Küsü adasında yerləşən və “Ağıllı şəhər” layihəsi çərçivəsində şəhərsalma, ətraf mühitin mühafizəsi, inkişaf və təhlükəsizlik sahələrində böyük uğurlar qazanmış bu şəhərə səfərin məqsədi həm qazanılmış təcrübəni öyrənmək, həm də regional tərəfdaşlığı inkişaf etdirmək olmuşdur.
Kitakyuşu meriyasında keçirilən görüşdə mer Kenci Kitahaşi qonaqları salamlamış, şəhərin planlaşdırılması, ekoloji təmizlik, müasir texnologiyaların tətbiqi və təhlükəsiz infrastrukturun təşkili barədə əldə edilmiş təcrübədən danışmışdır. Azərbaycan regionlarının sürətli inkişafı barədə məlumatlı olduqlarını diqqətə çatdıran mer qarşılıqlı tərəfdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulamışdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov ölkəmizin regionun lider dövlətinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildiyini bildirmişdir. Qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə də böyük ekoloji layihələr həyata keçirilir, regionların inkişafına xüsusi diqqət yetirilir. H.Mövsümov “Ağıllı şəhər” layihəsinin tətbiqi və müasir şəhərsalma təcrübəsinin Azərbaycan tərəfi üçün maraqlı olduğunu qeyd etmiş, Kitakyuşu şəhəri ilə Xətai rayonu arasında əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirmişdir.
Hüseyn Mövsümov Ermənistan-Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi, problemin həlli ilə bağlı Azərbaycan rəhbərliyinin beynəlxalq hüquq normalarına uyğun, ədalətli mövqeyi haqqında məlumat verilmişdir.
Qeyd edilmişdir ki, 1992-ci ildə ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımı ilə bağlı “Ana harayı” abidəsi məhz Xətai rayonu ərazisində yerləşir.
Görüşdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayonun sosial-iqtisadi göstəriciləri barədə məlumat vermiş, Prezident İlham Əliyevin Sərəncamı ilə icrasına başlanılmış “Ağ şəhər” layihəsindən danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan paytaxtının simasına xüsusi gözəllik qatacaq bu layihə Bakıda vaxtı ilə “Qara şəhər” adı ilə tanınan ərazidə həyata keçirilir.
İki şəhər arasında imzalanması nəzərdə tutulan dostluq və tərəfdaşlıq mübadiləsi haqqında niyyət protokolunun layihəsi, həmçinin “Ağ şəhər” layihəsi, “Ana harayı” və rayon barədə nəşrlər Kitakyuşu şəhər rəhbərliyinə təqdim edilmişdir.
Mer Kenci Kitahaşi ətraflı məlumata görə təşəkkürünü bildirmiş, “Ağ şəhər” layihəsinin onda xüsusi maraq doğurduğunu vurğulamışdır.
Kitakyuşu şəhərinə səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinə şəhərdə həyata keçirilən “Hidrogen şəhərciyi”, “Eco şəhər” layihələr haqqında ətraflı məlumat verilmiş, qonaqlar avtomobil tullantılarının emalı zavodunda iş prosesini izləmişlər.