Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda məhəllələrarası mini-futbol turniri keçirilmişdir.

09 iyul 2014 | 10:00

4 iyul 2014-cü il tarixdə Xətai rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2003-2004-cü illər təvəllüdlü uşaqlar arasında keçirilən turnir torpaqlarımızın azadlığı uğrunda şəhid olan Rüfət Məmmədovun xatirəsinə həsr edilmişdir.
Turnirin oyunları Xətai rayonu 269 nömrəli tam orta məktəbin idman meydançasında keçirilmişdir. Yarışın 3-cü yer uğrunda oyununda “Qafqaz “ komandası “Xəzər” komandasına “4 – 2” hesabı ilə qalib gəlmişdir.
Final oyununda “Kombinat” komandası “Xətai” komandasına “3 – 0” hesabı ilə qalib gələrək “I” yeri tutmuşdur.
Turnirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Xətai rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Zemfira Əmirbəyova, şəhid Rüfət Məmmədovun qardaşı Samir Məmmədov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə, uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmiş, həmçinin torpaqlarımızın azadlığı uğrunda şəhid olan Rüfət Məmmədovun vətənpərvərliyi və fədakarlığı haqqında məlumatlar vermişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif olunmuşlar.

Keçidlər