23-24 avqust tarixlərində Xətai rayonunda növbəti kənd təsərrüfatı məhsulları yarmarkası keçirilir.
Xətai rayonunda, Ukrayna meydanından H.Aslanov metrosuna gedən yolda M.Hadi küçəsində 200 metr uzunluğunda sökülüb quraşdırılan çadırda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur. Yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir. Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şərait yaradılmışdır. Nəzarət tərəzisi qoyulmuş, lövhələrdə məhsulların qiymətlərinin bazardakı qiymətlərlə müqayisəsi göstərilmişdir.
Fəaliyyət göstərən yarmarkaların məqsədi paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək, bazarlarda mövcud qiymətlərin sabit saxlanmasıdır.