Şriftin ölçüsü :

Saytın rəngi :

9 ayında sosial-iqtisadi inkişafının yekunları

17 oktyabr 2012 | 10:00

16.10.2012-ci il tarixində Xətai rayonunun 2012-ci ilin 9 ayında sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar müşavirə keçirilmişdir. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, Azərbaycan suverenlıyinin üçüncü onilliyində də müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində möhtəşəm uğurlara imza atmaqdadır.
Bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar Nazirlər Kabinetinin oktyabrın 10-da keçirilmiş iclasında Prezident İlham Əliyev bu müddətdə əldə olunan nailiyyətlərdən danışarkən qeyd etmişdir ki, ölkə iqtisadiyyatı uğurla inkişaf edir və doqquz ayın yekunları bunu bir daha əyani şəkildə göstərir. Bütün makroiqtisadi göstəricilərimiz yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 1,1 faiz artmışdır. Ancaq qeyri-neft iqtisadiyyatımız 10,3 faiz artmışdır. Son aylar və illər ərzində bu, ən vacib göstəricidir. Ölkə iqtisadiyyatında əldə olunan nəticələri əsas götürən dövlət başçısı 2012-ci ilin ötən dövründə Azərbaycan iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulduğunu, kənd təsərrüfatının 6,3 faiz artdığını, strateji valyuta ehtiyatlarımızın ilin əvvəlindən təxminən 5 milyard dollar artaraq, hazırda 45 milyard dollara çatdığını diqqətə çatdırmaqla, dünyada iqtisadi böhranın dərinləşdiyi bir vaxtda respublikada inkişaf strategiyasının davam etdiyini bildirmişdir.
R.Məmmədov ölkənin davamlı inkişaf prosesində paytaxtın iri rayonlarından biri kimi Xətai rayonunun da bir çox uğurlara imza atdığını, ölkənin, o cümlədən Bakının ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını konkret rəqəmlərlə diqqətə çatdırmışdır:
- 2012-ci ilin birinci yarısının makroiqtisadi göstəricilərin təhlili, ötən illərdə olduğu kimi, bu il də rayon iqtisadiyyatının inkişaf etdiyini və sosial məsələlərin uğurla həll olunduğunu göstərir.
İlin 9 ayı ərzində rayonun sənaye sahəsində 730 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye istehsalının 7,9 faizi məhsul istehsalının, 92,1 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 713 milyon 967min manatlıq və ya ümumi istehsalın 97,8 faizi qədər, qeyri-dövlət sektorunda isə 16 milyon 33 min manatlıq və ya ümumi istehsalın 2,2 faizi səviyyəsində sənaye məhsulu istehsal edilımiş və xidmətlər göstərilmişdir.
Tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 411 milyon 788 min manat məbləğində investisiya qoyulmuşdur. İstifadə olunmuş vəsaitin 118 milyon 959 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olumuşdur.
Natiq, həmçinin qeyd etmişdir ki, dövlət başçısınin ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunmuş, əmək ehtiyatlarından istifadəyə diqqət artırılmış, vakant iş yerləri haqqında məlumatlar toplanmışdır. Ümumiyyətlə, 2003-cü il oktyabrın 1-dən 2012-ci il oktyabrın 1-nə rayonda 26633 yeni iş yeri açılmışdır. Bu ilin 9 ayında açılmış 3372 iş yerinin 240-ı yeni yaradılan müəssisələrdə, 1065-i mövcud müəssisələrdə, 48-i fəaliyyətini bərpa etmiş müəssisələrdə, 2019-u isə fiziki şəxslər tərəfindən yaradılmışdır. İşsizliyin aradan qaldırılması, heç şübhəsiz, rayonda əhalinin maddi-rifah halının davamlı olaraq yüksəlməsinə, vətəndaşların etibarlı sosial müdafiəsinin təşkilinə geniş imkan yaratmış, nəticədə rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2012-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dörü ilə müqayisədə 8 faiz artaraq 542,5 manat, sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqqı isə 16 faiz artaraq 528 manat, tikinti kompleksində 8,5 faiz artaraq 562,4 manat təşkil etmişdir.
R. Məmmədov, həmçinin son illər Xətai rayonunda ulu öndər Heydər Əliyevin "Qara şəhəri ağ şəhərə çevirək" arzusunun gerçəkləşməsi istiqamətində aparılan işlərin də bir an belə səngimədiyini diqqətə çatdırmışdır:
- Sürətlə inkişaf edən Bakının Xətai rayonunda son illərdə həyata keçirilən yenidənqurma və abadlaşdırma işləri həm də özünün geniş miqyası ilə seçilir. Görülən işlərdən daha çox diqqət çəkən "Ağ şəhər layihəsi"dir. Ötən ilin dekabr ayının sonunda Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə təməl daşının qoyulduğu Bakı Ağ şəhər layihəsinin inşası hazırda çox böyük sürətlə həyata keçirilməkdədir.
Ötən ilin may ayında qəbul olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Xətai rayonunun mövcud problemləri də öz geniş əksini tapmışdır. Proqramda üç il müddətində rayonda 79 bənddən ibarət tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Bu gün nəzərdə tutulmuş işlərin icrası rayonun sosial-iqtisadi inkişafına yeni təkan vermişdir.
Dövlət Proqramı və ona edilmiş əlavələrə uyğun olaraq rayonda təhsil üzrə 29 ümumtəhsil məktəbinin və 29 uşaq bağçası-körpələr evinin əsaslı təmiri və əlavə tədris korpuslarının tikintisi nəzərdə tutulub. Hesabat dövründə 13 məktəb və Təhsil Nazirliyi tərəfindən əlavə investisiya layihəsi çərçivəsində 278 saylı "Zəkalar" liseyi əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Məruzədə qeyd olundu ki, proqram çərçivəsində əsaslı təmir olunan səhiyyə müəssisələrində də işlər qrafik üzrə aparılmış, 2 və 8 saylı uşaq poliklinikalarında, 6 saylı şəhər poliklinikasında təmir işləri bu ilin birinci yarısında başa çatdırılmışdır. 2 saylı Vərəm Dispanseri üçün binanın tikintisi və 7 saylı şəhər poliklinikasında təmir işləri davam edir.
Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov hesabat məruzəsində Xətai rayonun yol infrastrukturunun yenidən qurulması, istilik mövsümünə hazırlıq, əhalinin enerji daşıyıcıları ilə fasiləsiz təminatı və bir sıra digər vacib məsələlərlə bağlı da ətraflı məlumat verdi. İli uğurla başa vurmaq üçün qarşıda daha mühüm vəzifələr olduğunu bildirən natiq rayon təsərrüfatlarının bütün rəhbərlərini öz vəzifələrinə ciddi yanaşmağa və tapşırılan işi yüksək məsuliyyətlə yerinə yetirməyə cağırdı.
Məruzə ətrafında çıxış edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və digər natiqlər hesabat dövründə görülən işləri qənaətbəxş hesab etdilər və tapşırıqların yerinə yetirilməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini bildirdilər.
 

Keçidlər