Şriftin ölçüsü :

Saytın rəngi :

Müəllimlər günü

07 oktyabr 2012 | 10:00

06 oktyabr 2012-ci il. Müəllimlər günü hər il olduğu kimi bu il də Xətai Rayonunda rayon ictimaiyyətinin iştirakı ilə bayram şənliyi keçirilmiş və müəllimlərin "ad günü" layiq olduqları təmtəraqla qeyd olnmuşdur.
Builki bayram tədbiri rayonun təhsil işçiləri və ictimaiyyətinin Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətlə başladı. Buradaca qeyd olundu ki, müəllim zəhmətini daim yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin özü, sözün əsl mənasında, böyük müəllim idi.
İcra hakimiyyətinin geniş iclas salonunda davam edən tədbir rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun Xətai rayon müəllimlərinin simasında, bütün Azərbaycan müəllimlərinə təbrikiylə başladı. Natiq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlər tədris ilinin yekununda yüksək nəticələrin əldə olunmasına zəmin yaratmışdır.
R. Məmmədov əldə olunan nətcələrdən söz açaraq bildirdi ki, son bir neçə ildə rayonumuz təhsil sahəsində böyük nailiyyətlərə imza atmışdır. Ötən tədris ili də istisna olmamışdır. 2011-2012-ci tədris ilində təhsilini başa vuran 2931 şagirddən 2596 nəfəri ali mıəktəblərə qəbul üçün sənəd vermiş və 1581 nəfəri və ya 60,9 faizi yüksək nəticə göstərəkrək ali məktəbə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunan məzunlarımızın 203 nəfəri 500-600, 67 nəfəri 600 - 650, 27 nəfəri isə 650 - 700 bala qədər nəticə göstərmişdir. Xətai rayonu üzrə ali məktəblərə qəbul 60,9 faiz olduğu halda Bakı şəhəri üzrə bu rəqəm 51,83 faiz təşkil etmişdir.
Natiq həmçinin qeyd etmişdir ki, paytaxt məktəbləri üzrə 600-dən yuxarı bal toplayan 442 məzundan 94 nəfəri yenə bizim rayonun məzunlarıdır. Bütün bunlar, heç şübhəsiz, rayonumuzun müəllim adını daim yüksək tutan 38 orta ümumtəhsil məktəbinin 4296 nəfərlik pedaqoji kollektivinin gərgin və fədakar əməyinin nəticəsidir. Müəllim əməyi, sözün əsl mənasında, Vətənimizin gələcək inkişafına yönələn yüksək xidmətin bir nümunəsidir. Cəfakeş, fədakar müəllimlərimizin elmimizin, mədəniyyətimizin, iqtisadiyyatımızın, incəsənətimizin inkişafındakı rolu dövlətimiz, ölkə rəhbərimiz tərəfindən daim yüksək qiymətləndirilib və biz də yerlərdə bunu davam etdirməyi özümüzün ümdə vəzifələrimizdən biri saymışıq.
R.Məmmədov daha sonra qeyd etdi ki, hörmətli Prezidentimizin sərəncamı ilə 2011-2012-ci tədris ilində rayonumuzun 2 məktəbi "İlin ən yaxşı məktəbi", 3 müəllimi "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuş, 1 müəllimimiz isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Natiq son illər Xətai rayonunda aparılan məktəb tikintisi və əsaslı təmiri barədə də ətraflı məlumat vermişdir.
Sonra Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov təbrik üçün söz alaraq bildirdi ki, "müəllim peşəsinin dünyanın ən şərəfli peşəsi olduğunu desəm, mənə elə gəlir ki, bunun əksini isbat edən çətin tapılar.
Bu zalda elə bir adam tapmaq çətindir ki, onun müəllimləri haqqında xoş xatirələri olmasın. Ümummilli lider Heydər Əliyev kimi böyük düha siyasi fəaliyyətinin olimpində belə müəllimlərini unutmadı və onlarla görüşə getdi. Mən də müəllim adını daşıdığıma görə həmişə böyük qürur hissi keçirmişəm".
Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyəti adından əməkdə fərqlənmiş və yüksək nəticələr əldə etmiş məktəblərin müəllimlərinə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olundu.
 

Keçidlər