Xətai rayonunda Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib.
17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynayıb. Öz başlanğıcını 20-ci əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu. Bu fikirlər YAP-nın Xətai rayon təşkilatında 17
noyabr – Milli Dirçəliş Günü münasibətilə keçirilən tədbridə səsləndi.
Rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bu günün yaranma tarixindən danışdı. Bildirdi ki, Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovetlər İttifaqı dağılmağa başlayanda xalqın dayağı oldu. Əsası ulu öndər tərəfindən qoyulan siyasət isə bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
YAP-nın Xətai rayon təşkilatının sədr müavini Yeganə Qurbanova və partiya üzvləri çıxış edərək bildirdilər ki, ulu öndərin hakimiyyəti dövründə respublikamız ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıb. Bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev müdrik siyasi və dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb.
Tədbirin sonunda bir qrup rayon sakininə YAP-nın vəsiqələri təqdim olundu.