Şriftin ölçüsü :

Saytın rəngi :

Yüksək nəticələr xüsusi diqqətə layiqdir

07 sentyabr 2012 | 10:00

Hər il ali məktəblərə qəbulun nəticələri elan olunduqdan sonra qəbul imtahanında yüksək bal toplayıb tələbə adını almış rayon orta məktəbinin məzunları ilə görüş keçirmək və onları qazandıqları uğurlara görə mükafatlandırmaq neçə illərdir ki, Xətai Rayon İcra Hakimiyyətində bir ənənəyə çevrilib. Bu il də istisna olmadı.Görüşdən əvvəl rayonun təhsil işçiləri və tələbə adı qazanmış gənclər Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Sonra tədbir İcra hakimiyyətinin geniş iclas salonunda davam etdi. Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxışına ali məktəb tələbələrini təbriklə başladı. Natiq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlər və dövlətimizin bu sahəyə xüsusi qayğısı öz nəticələrini verməkdədir. Məhz bunun sayəsində rayonda təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlərin davam etdirilməsi tədris ilinin yekununda yüksək nəticələr əldə olunmasına zəmin yaratmışdır.
R.Məmmədov əldə olunan nəticələrdən söz açaraq bildirdi ki, 2011-2012-ci tədris ilində təhsilini başa vuran 2931 şagirddən 2777 nəfəri və ya 94,74 faizi buraxılış imtahanlarını müvəffəqiyyətlə vermişdir. Onlardan 2596 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş və 1581 nəfəri və ya 60, 9 faizi yüksək nəticə göstərərək ali məktəbə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunan məzunlarımızın 203 nəfəri 500-600, 67 nəfəri 600 - 650, 27 nəfəri isə 650 - 700 bala qədər nəticə göstərmişdir. Xətai rayonu üzrə ali məktəblərə qəbul 60, 9 faiz olduğu halda Bakı şəhəri üzrə bu rəqəm 51, 83 faiz təşkil etmişdir.
Natiq həmçinin qeyd etmişdir ki, paytaxt məktəbləri üzrə 600-dən yuxarı bal toplayan 442 məzundan 94 nəfəri yenə bizim rayonun məzunlarıdır. Daha uğurlu nəticələrdən biri ondan ibarətdir ki, ötən tədris ilində beş məzunumuz orta təhsilini qızıl medalla başa vurmuşdur. Onlardan 2 nəfər Heydər Əliyev liseyinin, 2 nəfər 171 sayla orta məktəbin, 1 nəfər isə 191 saylı orta məktəbin məzunudur.Qızıl medal alan məzunlarımızın da hər biri yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuşlar.
İcra hakimiyyətinin başçısı rayon məzunları arasında ən yüksək - 696 bal toplayaraq Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş 263 saylı orta məktəbin yetirməsi Rəşad İsmayılovun adını xüsusi çəkərək bildirdi ki, bəli, biz belə məzunlarımızla fəxr edirik və çox istərdik onların sayı daha çox olsun.
Toplantıda daha sonra qeyd olundu ki, 650 baldan yuxarı bal toplamış məzunlar rayonun 18 məktəbinin təmsilçiləridirlər. Ali məktəblərə qəbul zamanı Bakı şəhərinin 315 məktəbinin 3-də orta bal 400-dən yuxarı olmuşdur ki, onlardan birincisi Xətai rayonundakı 287 saylı Zəkalar liseyidir. 2011-2012-ci tədris ilində rayonun 2 məktəbi "İlin ən yaxşı məktəbi", 3 müəllimi "Ilin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşdur.
Çıxışının sonunda R.Məmmədov bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin inkişaf strategiyasında prioritet elan etdiyi sahələrdən biri kimi təhsilə göstərdiyi diqqət və qayğıya bizim ən yaxşı cavabımız burada elan etdiyimiz uğurlardır.
Sonra təbrik üçün söz alan Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov bildirdi ki, dövlət başçısının səyi ilə ən müasir standartlarla tikilən və təmir olunan, ən yeni texnologiyalarla təmin edilən məktəblərimizdə yaxşı oxumamaq sadəcə vətəndaşlıq borcuna xilaf çıxmaq olardı. Mən çox şadam ki, bu il yenə də Xətai rayonunun orta məktəb məzunları öz vətəndaşlıq borclarını sədaqətlə yerinə yetirib, yüksək nəticələrlə rayon təhsilinin, eyni zamanda, paytaxt təhsilinin şərəfini yüksəklərə qaldırdılar. İndi tələbə adı almış bu gənclər qarşısında elm aləminə baş vurub daha yüksək uğurlar qazanmaq və vətənimizin şərəfini yüksəklərə qaldırmaq vəzifəsi durur. Bu işdə də sizə uğurlar arzulayıram.
Sonra 650-dən çox bal toplamış tələbələrdən Rəşad İsmayılov çıxış edərək ilk növbədə belə şəraiti yaratdığına görə Azərbaycan dövlətinə və öz müəllimlərinin simasında bütün ölkə pedaqoqlarına minnətdarlığını bildirdi.
Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyəti adından yüksək bal toplayıb tələbə adını qazanmış rayon məzunlarına və yüksək nəticələr əldə etmiş məktəblərin rəhbərlərinə qiymətli hədiyyələr, pul mükafatları və fəxri fərmanlar təqdim olundu.

 

Keçidlər