Xətai rayonunda “Vətənin gələcəyi bizik!” adlı tədbir keçirildi.
19.11.2014-cü il tarixdə Xətai rayonunda yerləşən Humanitar təmayüllü liseydə “20 noyabr – Uşaq hüquqları konvensiyası” gününə həsr olunan “Vətənin gələcəyi bizik!” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə, məktəblilərin uşaq hüquqlarının qorunması ilə bağlı hazırladıqları əl işlərindən ibarət sərgiyə baxdılar.
Tədbirdə çıxış edən Xətai rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva son illər uşaqların problemləri ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən işlərdən danışdı. Bildirdi ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir və ölkəmizdə uşaqlara qayğı ildən-ilə artır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uşaq siyasəti bu gün uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə uşaqların sağlam həyat tərzi və hərtərəfli inkişafı naminə uğurlu addımlar atılıb, bu sahəyə diqqət və qayğı artırılıb. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. Ulu öndərin adını daşıyan fond yarandığı ilk gündən valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə edilən uşaqların taleyini diqqət mərkəzində saxlayır.
Digər çıxış edənlər isə bildirdilər ki, uşaq hüquqlarının təmin edilməsi
ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən
biridir. Hazırda ölkəmiz uşaq hüquqları üzrə Beynəlxalq Konvensiyaya qoşulub və ölkədə uşaq hüquqları ilə bağlı bir sıra qanunlar qəbul edilib.
Tədbirin sonunda şagirdlərin hazırladıqları uşaq hüquqlarının qorunmasından bəhs edən səhnəciklər, şerlər və rəqslər nümayiş olundu.