Xətai rayonunda satış yarmarkası keçirilib
31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə Xətai rayonunda Bayram Yarmarkası təşkil olunub.
31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə Xətai rayonunda keçirilən ənənəvi yarmarka həmişə olduğu kimi Ukrayna dairəsi adlanan ərazidə keçirildi. Yarmarkada iştirak edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Xətai rayon icra hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev, rayonun idarə, təşkilat, müəsisə rəhbərləri əvvəlcə kənd təsərrüfatı məhsullarının keyfiyyətilə tanış oldular. Məlumat verildi ki, bayram ərəfəsində təşkil olunan yarmarkalarda əsas məqsəd əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatını ödəmək, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır. Yarmarkaya, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılıb. Əhalinin rahat şəkildə alış-verişini təmin etmək məqsədilə burada lazımı şərait yaradılıb. Yarmarkanın fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması məqsədilə yarmarka genişləndirilib. Küçə ticarətinin qarşısının alınması, sui-istifadə hallarının aradan qaldırılması məqsədilə nazirlik və rayon icra hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Bununla yanaşı keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli malların satışının qarşısının alınması məsələlərinə də tam ciddi nəzarət olunur.
Yarmarkada əhaliyə 300-a yaxın ton məhsul təklif olunub. Məhsullar əsasən Quba, Qusar, Salyan, Şabran, Lənkəran, Astara, Oğuz, Gədəbəy, Sabirabad və digər rayonlardan gətirilib. Yarmarka 5 gün davam edəcək.