20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Xətai rayon icra hakimiyyətində tədbir keçirilmişdir.
Müstəqillik tariximizə şərəfli bir gün kimi yazılan 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Xətai rayon icra hakimiyyətində şəhid ailələri və əlillərlə görüş keçirilib. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kuliminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiyməti isə yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vermək mümkün olub.Faciədə şəhid olanların ailə üzvlərinin və əlil olanların sosial müdafiəsi gücləndirildi. Bu gün isə bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov isə öz çıxışında bildirdi ki, tariximizin qəhrəmanlıq səhifəsi olan həmin gün bütün dünya, Azərbaycan xalqının qəhrəmanlıgının, azadlıq ugrunda mübarizliyinin və sarsılmazlıgının şahidi oldu. Tədbirdə o da qeyd olundu ki, hazirda rayon ərazisində 10 şəhid ailəsi 20 əlil yaşayır. Onların dövlət qaygısı ilə əhatə olunması daim diqqətdə saxlanılır, ehtiyaclarının ödənilməsi, sosial problemlərinin həlli ilə baglı konkret tədbirlər həyata keçirilir. Faciənin ildönümü ərəfəsində rayondakı muzey və sərgi salonlarında foto sərgilər təşkil olunub, orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar foto stendlər düzəldilib. Çıxış edən şəhid ailələri isə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.