Etimadı yaxşı nəticələrlə doğrultmaq olar
Xətai rayon icra hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunu ilə bağlı ilk hesabat yığıncağı keçirildi.
Ərazi dairəsi üzrə nümayəndə Məhəmməd Hüseynov geniş hesabat məruzəsində görülən işlər barədə ətraflı məlumat verərək bildirdi ki, icra hakimiyyəti başçısının təsdiq etdiyi iş planına əsasən ərazi üzrə yaşayış binalarının, mədəniyyət, təhsil, səhiyyə və sosial təyinatlı müəssisələrin, həmçinin dövlət obyektlərinin su, qaz, elektrik və istilik enerjisi ilə normal təchizatının təmin olunması üçün xidmət sahələrinin işlərinə, mühəndis-kommunikasiya xətlərinin işlək vəziyyətdə saxlanmasına ciddi nəzarət olunmuşdur. Küçə və meydanların, park və xiyabanların abadlaşdırılması, məhəllədaxili abad həyətlərin salınması, ərazinin sanitar təmizliyinin qorunması üçün müvafiq tədbirlər görülmüş, ərazidə fəaliyyət göstərən Mənzil Kommunal İstismar Sahələrinin iştirakı ilə yaşıllıqları salınması məqsədilə vaxtaşırı iməciliklər keçirilmiş, ehtiyac olan yerlərdə gül və ağac kolları əkilmiş və onların becərilməsi təmin olunmuşdur.
Məruzədə qeyd olundu ki, ötən ildə rayonda aparılan genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri çərçivəsində R.Quliyev küçəsindən başlayaraq Ukrayna dairəsinə qədərmərkəzi yolun kənarına yaşıllıq zolaqları salınmışdır. Haqlı olaraq qeyd olundu ki, ərazi nümayəndəliyi bir-çox ünvanlarda yaşayış binalarının ətrafında sakinlər tərəfindən zəbt olunmuş sahələrin yöndəmsiz çəpərləri sökülmüş və həmin sahələr abadlaşdırılaraq istirahət üçün sakinlərin istifadəsinə verilmişdir. İməcilik yolu ilə binaların həyətlərində saldığımız istirahət guşələri və xiyabanlar sakinlərimiz tərfindən böyük məmnuniyyətlə qarşılanır.
Natiq həmçinin qeyd etdi ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ərazimizdə olan bir neçə binanım kanalizasiya xətləri dəyişdirilmiş və binalarda su xətləri yenisi ilə əvəz olunması üzrə pilot layihə işləri bir neçə ünvanda başa çatdırılmışdır. Neapol, General Şıxlinski, General Mehmandarov, Məhəmməd Hadi küçələrində yerləşən əksər binalarda mənzillərə smartkart tipli sayğaclar quraşdırılmışdır. Hal-hazırda bu işlər Xudu Məmmədov, Aşıq Ələsgər küçələrində yerləşən binalarda da həyata keçirilir.
Hesabat məruzəsi ətrafında çıxışlarda qurumun ötən müddət ərzində səmərəli fəaliyyət göstərdiyi, işini günün tələbləri səviyyəsində qurduğu qeyd edildi və 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsi təklif olundu.
Yığıncaqda çıxış edən Xətai rayon icra hakimiyyətinın başçısının birinci müavini Rafiq Quliyev görülən işlərə münasibət bildirərək qeyd etdi ki, rayonumuzun ərazisində “Bakı Ağ şəhər” layihəsi həyat keçirilir. Bakı Prezidentimizin diqqət və qayğısı sayəsində dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Biz yerli icra hakimiyyəti strukturları da bu ümumi işə öz töhvəmizi verməli, öhdəmizə düşən vəzifələri, dövlət başçısının tövsiyyə və tapşırıqlarını vaxtında və yüksək səviyyədə yerinə yetirməliyik.