Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi dairə üzrə nümayəndəliyinin illik hesabat yığıncağı keçirilib.

28 yanvar 2015 | 11:00

Xətai Rayon İcra Hakimiyyəti başçısının 4 saylı sahə  inzibati  ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ildə   görülmüş işlər  və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirildi.

Xətai rayon icra hakimiyyətinin başçıs Razim Məmmədovun da iştirak etdiyi yığıncaqda inzibati  ərazi dairəsi üzrə nümayəndə Əülfət  Piriyev hesabat məruzəsilə çıxış edərək bildirdi ki, 2014-cü ildə rayonun ərazisində aparılan   abadlıq-quruculuq və yenidənqurma işləri - binaların fasadlarının üzlənməsi, eyvanların məhəccərlərinin dəyişdirilməsi, tikililərin işıqlandırılması, binaların dam örtüklərinin mansard tipli örtüklərlə əvəzlənməsi, yeni yaşıllıqların salınması Y.Səfərov, A.Cəlilov kimi böyük küçələrin, Nobel, Babək və Xocalı prospektlərinin  görkəmini tam dəyişmiş, bu ərazilər paytaxtın ən gözəl yerlərindən birinə çevrilmişdir.

Natiq həmçinin qeyd etdi ki, xidməti ərazi üzrə yaşayış, sosial təyinatlı, təhsil, səhiyyə müəssisələrinin və digər obyektlərin içməli su, qaz, istilik və elektrik enerjisi ilə normal təmin olunması üçün kommunal və xidmət sahələrinin işlərinə nəzarət olunmuş, prospekt, küçə və meydanların abadlaşdırılması, parkların, xiyabanların, məhəllədaxili abad həyətlərin salınması və ərazinin sanitar təmizliyinə əməl olunması üçün tədbirlər görülmüş, eyni zamanda vaxtaşırı iməcliklər keçirilmiş, ağac və gül kolları əkilmiş, yaşıllıqlar salınmış və ərazinin sanitar vəziyyəti daim nəzarətdə saxlanılmışdır.

Hesabat məruzəsi ətrafında çıxışlardan sonra Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək bildirdi ki, Azərbaycanda, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş  strateji inkişaf xətti 2014-cü ildə də davam etdirilərək, ölkənin sosial-iqtisadi tərəqqisində bir çox  uğurlar əldə olunmuşdur. Nazirlər Kabinetinin bu ilin yanvarın 10-da  keçirilən geniş iclasında Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “ilin əvvəlindən bu günə qədər Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Çünki son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmişdir”.

Sonra Razim Məmmədov hesabat ilində rayonda görülən  işlərdən danışaraq bildirmişdir ki, Xətai rayonunun da iqtisadi göstəricilər yüksək olmuşdur.

İqtisadi sahədə baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər təhlil edilərkən müəyyən olunmuşdur ki, rayonda məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafı təmin olunmuş, onlara mütənasib olaraq sosial məsələlər uğurla həll edilmişdir.

Sonra icra başçısı görülən işlərə münasibət bildirərək qeyd etdi ki, sahə  inzibati  ərazi dairəsi üzrə nümayəndəliklərin fəaliyyətlərinin iki yaşı olsa da onlar özlərini yaxşı tərəfdən göstərə bilmişlər. Amma bu az vaxtda qazanılan nailiyyətlər arxayınçılıq yaratmamalıdır.

R.Məmmədov yığıncağın yekununda bütün qüvvələri 2015-ci ildə qarşıya qoyulmuş vəzifələri uğurla başa vurmağa səfərbər etmək üçün rayonun müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.

Keçidlər