Ən mühüm vəzifə xalqa xidmət etməkdir
Xətai rayon icra hakimiyyəti başçısının Əhmədli qəsəbə inzibati ərazi dirəsi üzrə nümayəndəliyinin 2014-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirildi.
Xətai rayon icra hakimiyyətinin başçıs Razim Məmmədovun da iştirakı ilə keçən yığıncaqda inzibati ərazi dairəsi üzrə nümayəndə Malik Hüseynov hesabat məruzəsilə çıxış edərək bildirdi ki, dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası Bakı şəhərinin bütün kənd və qəsəbələri kimi Əhmədli qəsəbəsində də uğurla yerinə yetirilir.
Dövlət proqramına uyğun olaraq qəsəbədə müasir xəstəxana-poliklinika binası, sahibkarlığın inkişafı çərçivəsində A.Ələsgər küçəsində 1 nömrəli çörək emalı müəssisəsi inşa edilib istifadəyə verilmiş, 5 saylı Bakı Peşə Liseyi əsaslı, 64 saylı orta məktəb cari təmir olunmuşdur.
Qəsəbənin su, qaz, elektrik enerji təchizatı günün tələbləri səviyyəsində qurulmuş, yeni qaz xətləri çəkilmiş, istehlakçıların mövcud mexaniki sayğacları “smart-kart” tipli elektron sayğacla əvəz edilmişdir. Şahin Səmədov küçəsində yeni transformator məntəqəsi inşa olunmuş, hava elektrik xətləri “sip” kabellə əvəzlənmiş və beləliklə qəsəbənin elektrik təchizatında problem aradan qaldırılmışdır.
Qəsəbədaxili küçələrdə dalan və döngələrdə ümumilikdə 100 min kvadratmetrə yaxın asfalt döşənmiş, bir sıra küçələrdə işıqlanma bərpa olunmuş, qəsəbəni Nobel prospekti ilə birləşdirən avtomobil yolunun çəkilişi başa çatdırılmış və sakinlərin rahat gediş-gəlişi təmin edilmişdir.
Hesabat dövründə rayonun kommunal-xidmət idarələri tərəfindən Əhmədli qəsəbəsinin su təchiztı və kanalizasiya sistemi yaxşılaşdırılması ilə əlaqədar operativ tədbirlər görülmüş və vətəndaşların məişət rahatlığı təmin olunmuşdur.
Məruzə ətrafında müzakirələrdən sonra Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək bildirdi ki, son onillikdə Bakı şəhərinin və onun qəsəbələrinin inkişafı çərçivəsində Xətai rayonunun Əhmədli qəsəbəsinin inkişafı da daim dövlətin diqqət mərkəzində olmuşdur. Respublika Prezidenti cənab İlham Əliyevin son illərdə bir neçə dəfə qəsəbəmizdə olması, müasir üslubda inşa edilmiş, yüksək tibbi avadanlıq və inventarla təchiz olunmuş 25 çarpayılıq xəstəxana-poliklinika binasının, Aşıq Ələsgər küçəsində inşa edilmiş 1 nömrəli çörək zavodunun açılışlarında iştirak etməsi, sakinlərlə görüşməsi, problemlərlə yerində tanış olması bunun bariz nümunəsidir.
Son illərdə həyata keçirilən sosial layihələrin miqyası genişləndirilir və nəticədə əhalinin rifah halı durmadan yaxşılaşır, vətəndaşalrımizın bütün təbəqələri sosial qayğılarla əhatə olunur. Amma dövlət başçısı cənab İlham Əliyevin son müşavirədə qeyd etdiyi kimi; “Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir.” Biz unutmamalıyıq ki, xalq üçün işləyirik, xalqın xidmətində durmalıyıq”. Cənab Prezidentin ən mühüm tapşırıqlarından və qarşımıza qoyduğu ən mühüm vəzifələrdən biri xalqla bir yerdə olmaq, onların qayğıları ilə yaşamaqdır.
Çıxışının yekunlaşdıran R.Məmmədov sonda vurğuladı ki, 2014-2018-cı illər üzrə qəbul edilmiş “Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar məsuliyyətimizi dərindən dərk edərək bu istiqamətdə bütün imkanlarımızı səfərbər etməli, qarşımıza qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməliyik.