Gənclər daim dövlətin diqqət mərkəzindədirlər Xətai rayonunda Gənclər günü qeyd edildi
Gənclər günü mansibəti ilə Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirini rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, ölkə həyatında mühüm yer tutan Azərbaycan gəncliyinin bu bayramı 1996-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis olunmuşdur. Ötən 18 illik bir zaman göstərdi ki, ümummilli lider bununla gənclərimizin Azərbaycanın ictimai-siyasi həyatdakı, müstəqil dövlətçiliyimizin inkişafındakı yerini və rolunu necə yüksək qiymətləndirmişdir.
R. Məmmədov qeyd etdi ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Hazırda hər bir Azərbaycan gənci ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin, Azərbaycanın qlobollaşan dünyada mövqeyinin möhkəmlənməsi üçün yürütdüyü siyasətdə fəal iştirak edir. Bu ondan irəli gəlir ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını səmərəli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.
Natiq bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın ölkə gənclərinin həyatında yeni səhifə açacağını qeyd edərək vurğuladı ki, bu sənəd Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan dövlətimizin mənafeyi naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaq məqsədi daşıyır
R.Məmmədov sonda bütün Azərbaycan gənclərini təbrik edərək bildirdi ki, paytaxtın Xətai rayonunun gənclərinin ölkəmizin ictimai-siyasi həyatında fəallıq göstərmələri, gənclər hərəkatında öndə olması və Azərbaycan Prezidentinin siyasi xəttini dəstəkləmələri bizi çox sevindirir.
Bayram tədbirində çıxış edən Bakı şəhər gənclər və idman idarəsinin rəisi Raqif Abasov da respublikada həyata keçirilən gənclər siyasətinin uğurlarından, dövlət başçısının gəclərə diqqət və qayğısından geniş danışaraq bildirdi ki, Gənclər Günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması ölkə başçısının gəncliyə olan yüksək diqqət və qayğısının növbəti təcəssümüdür. Bu strategiya Azərbaycan gəncliyinin gələcək inkişaf perspektivlərini tamamilə aydın müəyyən edən olduqca mühüm sənəddir.
R.Abasov Xətai Payon İcra Hakimiyyətinin gənclərlə bağlı müntəzəm keçirdiyi ictimai –kütləvi tədbirlərdən danışaraq qeyd etdi ki, bu tədbirlər gənclərin ictimai fəallığını artırmaqla yanaşı, onlarda vətənpərvərlik hissini gücləndirir, gənclər siyasətinin reallaşmasına impuls verir və onların ölkənin ictimai-siyasi həyatında öz potensiallarını reallaşdırmağa kömək edir.
Təbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, ölkənin idman həyatında və təhsildə fərqlənən gənclərdən bir qrupu Xətai Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
Bayram tədbiri respublikanın incəsənət ustalarının konsert proqramı ilə davam etdi.