Xətai rayonundan nümayəndə heyəti “Qardaşlaşmış şəhər” layihəsi çərçivəsində Türkiyənin Tarsus və Mersin şəhərlərində səfərdə olmuşlar.
Bakının Xətai rayonu ilə Türkiyənin Mersin şəhəri, eləcə də Mersinin 2007-ci ildə Xətai rayonu ilə qardaşlaşmış şəhər elan edilən Tarsus rayonu arasında əməkdaşlıq əlaqələri genişlənir.
Bu əlaqələr çərçivəsində Tarsusda 2 hektar ərazidə salınan Heydər Parkında yenidənqurma işləri tamamlanmaq üzrədir.
Mersin şəhərinin Bələdiyyə Məcləsi isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının pislənməsi ilə bağlı qətnamə qəbul edilməsi məsələsini gündəliyinə daxil edib. Müvafiq qərar Məclisdə yekdilliklə qəbul edildi.
Xocalı qətliamının pislənməsi ilə bağlı yaxın günlərdə qəbul edilməsi şübhə doğurmayan qətnamə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyasının növbəti konkret nəticəsi olacaq.
Toplantıdan sonra Mersin Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşən Xətai Rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov, Milli Məclisin üzvü Hüseynbala Mirələmov və nümayəndə heyətinin digər üzvləri Mersin Bələdiyyəsinə bu mühüm qərara görə minnətdarlıqlarını bildirdilər.
Bələdiyyə sədri Burhanəddin Kocamaz isə bu addımı Azərbaycanla Türkiyənin qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirdi.
Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi imkanları haqqında ətraflı fikir mübadiləsi aparıldı.
Tələbə mübadiləsi, müxtəlif birgə tədbirlərin təşkil edilməsi və digər təkliflər səsləndi.
Burhanəddin Qocamaz, Xətai rayonu rəhbərləyinin dəvəti ilə 2012-ci ildə Bakıya etdiyi səfər zamanı paytaxtımızda gördüyü inkişafın onda dərin təəsurartlar yaratdığını bildirdi.
Novuz Bayramı ərəfəsinə təsadüf edən görüşdə Mersin Bələdiyyəsinə xalqımızın qədim mədəniyyətini əks etdirən hədiyələr, Novruz sovqatları təqdim edildi. Qonaqlar Xətai rayonu ilə zəngin əməkdaşlıq tarixinə malik olan Tarsusda da oldular.
2007-ci ildə başlayan əməkdaşlıq çərçivəsində 2011-ci ilin mart ayında Tarsusdakı Berdan çayı üzərindən salınan körpüyə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib.
Körpü ilə Tarsusun məhşur şəlaləsi arasındakı 2,5 hektar ərazidə Park yaradılıb.
Hazırda isə Parkda aparılan əsaslı yenidənqurma işləri tamamlanmaq üzrədir.
Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov, Milli Məclisin üzvü Hüseynbala Mirələmov, Xətai Bələdiyyəsinin sədri Teymur Məmmədov, eləcə də azərbaycanlı və türkiyəli mütəxəssislər Heydər Əliyev parkında görülən işlərlə tanış oldular. Ərazinin abadlaşdırılması, idman meydançaları, uşaqlar üçün əyləncə meydançalarının yaradılması, peyzaj işləri ilə bağlı müzakirələr aparıldı, müvafiq göstərişlər verildi. Məqsəd son illərdə Tarsusluların, rayonun qonaqlarının sevimli istirahət yerlərindən biri kimi tanınan parkın daha müasir standartlara uyğun istirahət mərkəzinə çevrilməsidir.
Nümayəndə heyətinin üzvləri həmçinin Tarsus bələdiyyəsində də oldular.
Görüşdə Tarsus və Xətai rayonunun yeni seçilmiş Bələdiyyə sədrləri Şövkət Can və Teymur Məmmədovun rəhbərliyi altında qardaşlaşmış şəhərlər arasındakı əməkdaşlığın inkişafı çərçivəsində atılacaq yeni addımlar haqqında fikir mübadiləsi aparıldı. Tarsus Bələdiyyə rəhbərinə Azərbaycan xalçası, eləcə də xatirə hədiyələri təqdim edildi.
Görüşdə Xətai rayonunnun İcra Hakimiyyəti və Bələdiyyə rəhbərliyi Tarsus Bələdiyyəsinin rəhbərliyini Bakıya səfərə dəvət etdi. Səfərin bu ilin yayında təşkil edilməsi planlaşdırılır.