Xətai rayonu ərazisində Bayram yarmarkaları təşkil olunub.
Xalğımızın Milli bayramı olan Novruz bayramı ilə əlaqədar martin 14-də Xətai rayonunda, Ukrayna meydanından H.Aslanov metrosuna gedən yolda uzunluğu 200 metr və M.Rüstəmov küçəsində uzunlu 80 metr olan sökülüb quraşdırılan çadırda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur. Yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan 300 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir.
Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb etmişdir. Bayram yarmarkasının yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir.
Bu gün Kənd təsərrüfatı naziri Heydər Əsədov və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yarmarkaya gələrək burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olmuş, məhsulların keyfiyyəti, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanmışlar.
Heydər Əsədov jurnalistlərə müsahibəsində bildirmişdir ki, yarmarkadakı qiymətlər bazarlardakından və keçən ilkilərdən xeyli aşağıdır. Bakıya kifayət qədər kənd təsərrüfatı məhsulları gətirilmişdir. Artıq 8 ildir ki, fəaliyyət göstərən yarmarkaların məqsədi paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəməkdir.
Nazir vurğulamışdır ki, paytaxtda təşkil edilən ənənəvi yarmarkaların təkmilləşdirilməsi planlaşdırılır və bu, artıq zamanın tələbidir. Rayon sakinlərinin nəzərinə onu da çatdırırıq ki, hər iki yarmarka 5 gün müddətində davam edəcək.