08.11.2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xətai rayonunda olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində 14 nömrəli şəhər poliklinikasının açılışında iştirak etmişdir.
Ötən il aprelin 1-də Prezident İlham Əliyev Əhmədli qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən işlərlə tanış olarkən burada yeni poliklinikanın tikilməsinə dair tapşırıqlarını vermişdi. Dövlətimizin başçısının 2011-ci il 1 aprel tarixli Sərəncamı ilə bu tibb müəssisəsinin inşası üçün 1,5 milyon manat vəsait ayrılmışdı.
Əhmədli qəsəbəsinə gələn Prezident İlham Əliyev poliklinikanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət stendə baxdı.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov məlumat verdi ki, poliklinikanın 780 kvadratmetrlik əvvəlki binası sakinlərin tələblərinə cavab vermirdi. Səhiyyə ocağının müasir memarlıq üslubunda inşa olunmuş üçmərtəbəli yeni binasının sahəsi isə 3,6 min kvadratmetrdir.
Prezident İlham Əliyev poliklinikanın rəmzi açılışını bildirən lenti kəsdi, yaradılan şəraitlə tanış oldu.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə səhiyyənin inkişafına diqqət və qayğısını əks etdirən fotoguşə yaradılmışdır.
Bildirildi ki, poliklinika binasının birinci mərtəbəsində qəbul, inzibati və funksional diaqnostika şöbələri fəaliyyət göstərir. İkinci mərtəbədə terapiya və pediatriya, üçüncü mərtəbədə isə nevrologiya və stasionar şöbələr yerləşir. Burada quraşdırılan ən müasir avadanlıq əhaliyə keyfiyyətli tibbi xidmət göstərməyə imkan verəcəkdir.
Sonra Prezident İlham Əliyev ilə görüşən qəsəbə sakini Qurbanəli Əlizadə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.