Xətai rayonunda daha bir ağacəkmə kampaniyası keçirildi.
18.04.2015-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyəti və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayonun H.Əliyev adına park, Zığ yolu-39-un yaxınlığı, İnqilab İsmayılov küçəsində daha bir ağacəkmə kampaniyası keçirildi. Bakının ekoloji mühitinin yaxşılaşdırılması və şəhərin daha da gözəlləşdirilməsinə xidmət edən yaşıllaşdırma kampaniyasında Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonun idarə və təşkilatları, könüllülər, fəal gənclər iştirak edib. Yaşıllaşdırma marafonunda ərazi məişət tullantılarından təmizlənib, mövcud yaşıllıqlar sulanıb, ərazidə ağac, gül və bəzək kolları əkilib. Budəfəki aksiyada müxtəlif ölkələrdən gətirilən tinglər, həmçinin çinar, zeytun, küknar, şam, söyüd ümumilikdə, 750 ağac və dekorativ kol əkildi. Aksiyada bildirildi ki, “Ümumrespublika yaşıllaşdırma marafonu” Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılıb. Rayonda ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasında mühüm rol oynayan yaşıllaşdırma aksiyalarında bundan sonra da ağac, gül və bəzək kollarının əkilməsi nəzərdə tutulur.