Akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad olundu.
Akademik Zərifə Əliyevanın anadan olmasının 92 illiyi münasibətilə Xətai rayon icra hakimiyyətinin və YAP-nın Xətai rayon təşkilatının Qadınlar şurasının nümayəndələri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül düzdülər. Ulu öndərin ömür-gün yoldaşı görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad olundu. Sonra YAP-nın Xətai rayon təşkilatında tədbir keçirildi. Rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva xalqımızın vətənpərvər övladı Zərifə Əliyevanın zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən danışdı. Bildirdi ki, Zərifə Əliyeva yaddaşlarda gözəl alim və ləyaqətli ziyalı olmaqla yanaşı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu kimi əbədiləşib.
Çıxış edən YAP-nın Xətai rayon təşkilatının Qadınlar şurasının sədri, Aygün Əhmədli, rayonun ziyalı qadınları, müəllimlər vurğuladılar ki, ömrünün çox hissəsinin Azərbaycan elminə həsr edən görkəmli alimin səhiyyə sahəsində xüsusilə də oftalmologiya elminin inkişafında misilsiz xidmətləri var. Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.
Tədbir çərçivəsində bir qrup rayon fəalına YAP-nın vəsiqələri verildi.
Sonra alimin həyat və fəaliyətindən bəhs edən film nümayiş olundu.Tədbir məktəblilərin ifasında ədəbi bədii kampazisiya ilə başa çatdı.