Türkiyənin Tarsus şəhərində “Heydər Əliyev” Parkı və Ulu Öndərin abidəsinin açılış mərasimi keçirilib
Azərbaycan Respublikasının Prezidentinin siyasi məsələlər üzrə köməkçisi, Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, millət vəkilləri Səməd Seyidov, Hüseynbala Mirələmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Xətai rayon Bələdiyyəsinin sədri Teymur Məmmədov, YAP siyasi şurasının üzvü “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə açılış mərasiminə qatılmışlar. Açılışda Xətai Rayon İcra Hakimiyyətinin, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin birgə təşkilatçılığı ilə Türkiyə və Azərbaycanın tanınmış incəsənət ustalarının ifasında möhtəşəm konsert proqramı keçirilmişdir.
Açılış tədbirində Mersin valisi Özdemir Çakacak bildirib ki, Azərbaycan ilə Türkiyənin dostluğu əbədidir. İki ölkə arasında əlaqələrin uzun tarixi keçmişə malik olduğunu vurğulayan Ö.Çakacaq deyib ki, hazırda Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksələn xətlə inkişaf edən münasibətlər var: “Dostluğumuz və qardaşlığımız əbədidir. Azərbaycanlı qardaşlarımızı Mersində görməkdən çox məmnunuq. Xətai rayonu ilə Tarsus şəhərinin qardaşlığından çox xoşbəxtik”.
Mərasimdə çıxış edən Əli Həsənov bildirmişdir ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə başlayan və Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilə zirvəyə yüksələn iki ölkə arasındakı qardaşlıq əlaqələri bu gün böyük coşqu ilə davam etdirilir: “Türkiyə ilə Azərbaycan arasında köklü, sarsılmaz qardaşlıq bağları var. Türk dünyasının iki böyük öndəri var. Bunlardan biri Mustafa Kamal Atatürk, diğəri isə Heydər Əliyevdir. Yüz il əvvəl Atatürk, “Vaxt gələcək Azərbaycan müstəqilliyini yenidən qazanacaq və biz Türkiyə olaraq gücümüzə güc qatacaq bu dövlətin qurulmasında iştirak edəcəyik. Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimiz olacaqdır” demişdir. İllər sonra Türk dünyasının ümummilli lideri olan Heydər Əliyev isə, Türkiyə ilə Azərbaycanın dostluğunun əbədi və daimi olduğunu bütün dünyaya bəyan edərək “Biz Türkiyə ilə bir millət, iki dövlətik” demişdir. Ulu öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün irsini davam etdirməliyik. Türkiyəni öz Vətənimiz kimi sevirik. Burada yaşayan insanların sevincinə sevinir, kədərinə kədərlənirik”.
Sonra Mersin valisi Özdemir Çakacak , Ə.Həsənov və Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov “Heydər Əliyev” Parkının və abidəsinin açılşını etdilər.
Qeyd edək ki, Xətai rayonu ilə Türkiyənin Tarsus şəhəri 2007-ci ildə qardaşlaşıb. Bu münasibətlə Tarsus şəhərində Xətai Parkı və ulu öndər Heydər Əliyevin adına körpü tikilərək istifadəyə verilib. 2011-ci il martın 16-20-də Tarsus şəhərində ümummilli lider Heydər Əliyevin adına salınmış körpünün açılış mərasimində Xətai rayonundan nümayəndə heyəti iştirak edib. Mövcud qardaşlıq münasibətlərini daha da möhkəmləndirmək məqsədilə 2012-ci il aprelin 12-dən 15-dək Tarsus şəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamazın rəhbərliyi ilə qardaş Türkiyədən nümayəndə heyəti Xətai rayonunda işgüzar səfərdə olub. Səfər çərçivəsində Tarsus şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan körpünün yaxınlığında yerləşən 2,5 hektar ərazidə Heydər Əliyev adına yeni parkın salınması və burada Ulu Öndərin abidəsinin ucaldılması qərara alınıb.
Parkda tuncdan hazırlanmış, çəkisi 3 tona yaxın olan abidənin hündürlüyü 5 metrdir. Abidənin postamenti qara mərmərdəndir. Parkda, həmiçinin 20 kvadratmetrlik rəngli monitor və uşaq əyləncə elementləri quraşdırılıb. Burada genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb, dekorativ gül kolları əkilib.
Tarsus şəhər Bələdiyyə Məslisinin 2015-ci il 6 aprel tarixli qərarı ilə parka ulu öndər Heydər Əliyevin adı verilib.