Xətai rayon İcra Hakimiyyətinin başçısı yanan binanın sakinləri ilə görüşdü.
Zığ yolu 16 saylı binada baş vermiş yanğından zərər çəkmiş bina sakinləri 26.05.2015-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinə müraciət etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov vətəndaşları qəbul etmiş, onların şikayətlərini diqqətlə dinləmişdir.
Sakinlər 10 aprel 2015-ci il tarixdə baş vermiş məlum yanğın hadisəsindən sonra binalarında aparılan təmir işlərinin keyfiyyətindən narazılıqlarını bildirmişlər. Eyni zamanda Binəqədi rayonunda baş vermiş yanğın ilə əlaqədar sakinlərə ayrılmış kompensasiyanın onlara da şamil olunmasını xahiş etmişlər.
Başçı Razim Məmmədov sakinləri diqqətlə dinlədikdən sonra bildirmişdir ki, onların qaldırdıqları bu məsələlərlə bağlı əlaqədar təşkilatlar qarşısında vəsadət qaldırılmışdır. Bunun nəticəsi olaraq, artıq təmir işləri digər bir şirkətə həvalə edilmişdir. Həmçinin sakinlərin bir daha diqqətinə çatdırılmışdır ki, bütün bu məsələlər dövlət başçısının və rayon icra hakimiyyətinin birbaşa nəzarəti altındadır.