Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya ilə mübarizə günün aktual vəzifəsidir

30 iyun 2015 | 10:00

Bəşəriyyətin ciddi sosial problemlərindən olan  cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya ilə mübarizə günün ən aktual vəzifələrindən sayılır.

Xətai rayon icra hakimiyyəti başçısının müavini Xeyrulla Hüseynli rayonunun M.Ə.Sabir adına kitabxanasında keçirilən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  mübarizə üzrə” Komissiyanın hesabat yığıncağındakı çıxışına məhz bu vəzifələrdən danışdı və real vəziyyət haqqında ətraflı məlumat verdi.

Natiq qeyd etdi ki, problemin ciddiliyini nəzərə alan ümummilli liderimiz Heydər Əliyev 1997-ci ilin fevralında Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə nəzarət və bununla bağlı problemlər üzrə Yardımçı Komissiyanın 32-ci sessiyasının açılışında söylədiyi nitqində qeyd etmişdir ki, “narkotiklərə nəzarət, narkomaniya və narkobiznes ilə mübarizə əsrimizin son illərində dünyada ümumbəşəri bir problem olmuşdur. Bu mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədir”.

X.Hüseynli  çıxışında qeyd etdi ki, son 15 ildə ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi və praktik tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası  Prezidenti cənab İlham Əliyevin  28 iyun 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı” (2007-2012-ci illər) buna əyani sübutdur. Bu Proqramın icrası ümumən respublikada olduğu kimi rayon miqyasında da uğurla həyata keçirilmişdir.

Rayonda narkomaniyaya qarşı aparılan mübarizədə yeniyetmə və gənclər arasında profilaktik işlərin gücləndirilməsinin, bütün ümumtəhsil, ali və orta ixtisas təhsili müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirilməsinin günümüzün ən vacib vəzifələrindən olduğunu bildirən natiq xüsusi vurğuladı ki, Azərbaycanda möhtəşəm nailiyyətlərlə tarixə yazılan I Avropa Oyunları ölkəmizdə bu ümumbəşəri problemə qarşı mübarizə işinə çox böyük fayda vermişdir.

Respublika Narkoloji Dispanserinin şöbə müdiri Afət Məmmədova, rayon polis idarəsinin narkotiklərə qarşı mübarizə şöbəsinin rəisi Fəxrəddin Hacıyev və başqaları çıxışlarında müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, səbəb olduğu faciələr barədə geniş məlumat verdilər. Natiqlər rayondakı yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

İlqar RÜSTƏMOV,

Rafiq SALMANOV,

“Xalq qəzeti” (foto)

Keçidlər