“Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır”
12 noyabr 2012-ci il tarixində YAP Xətai rayon təşkilatının qərərgahında partiyanın yaradılmasının 20 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq dahi şəxsiyyətə dərin hörmət və ehtiramlarını bildiriblər.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatı sədrinin müavini, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov partiyanın 20 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirildiyini, keçilən yolun böyük ruh yüksəkliyi ilə təhlil olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bugünkü tədbir də həmin ovqatda keçirilən mərasimlərdəndir.
“Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır” söyləyən R.Məmmədov bildirdi ki, partiyanın qısa müddətdə ümumxalq partiyasına çevrilməsi uğurlu siyasətinə əsaslanır. Yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsasında saxlayan YAP bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır. 1992-ci il noyabrın 21-də təsis konfransını 550-dən artıq nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 600 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir.Qeyd olundu ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ildə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyətinin Yeni Azərbaycan Partiyasının üzvləri olduğu nəzərə alınaraq YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. Partiyanın 20 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyinin rolu inkaredilməzdir. Ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxan YAP qələbələr partiyası kimi nüfuz qazanmış, cəmiyyətdə rolunu daha da artırır. Partiya populist vədlərdən uzaq olduğunu atdığı addımları, əldə etdiyi nailiyyətləri ilə təsdiqləyir. Bu günümüzün uğurları gələcəyə daha böyük inamla irəliləməyə əsas verir.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi müstəqil Azərbaycanın tarixində əhəmiyyətli hadisədir. 20 il keçmişə və gələcəyə baxışdır. Ötən dövrdə Azərbaycan düzgün qurulan siyasətin sayəsində inkişaf, tərəqqi yolunda inamla irəliləyərək, bu gün beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas məkana, eyni zamanda iqtisadi möcüzələr ölkəsinə çevrilib. Bu uğurların fonunda Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı ağır durum aydın şəkildə görünür. O illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından Azərbaycan öz müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən əsas amillər də məhz həmin dövrün reallıqları idi. Ümumilikdə Azərbaycan xalqının istəyinin ifadəsi olan 91 nəfər ziyalının Heydər Əliyevə ünvanladığı müraciətdə o illərin sosial-iqtisadi, siyasi durumu ətraflı şəkildə qeyd edilir. Müraciətdə deyilirdi ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar. Ümummilli lider Heydər Əliyev bu müraciətə cavabı ilə müstəqil dövlətimizin gələcək taleyini müəyyənləşdirdi. Ölkədəki ictimai-siyasi durumun hərtərəfli əks olunduğu həmin cavabda böhranın yaranma səbəbləri və mövcud hakimiyyətin xalqımızı faciələrlə üzləşdirməsi konseptual şəkildə şərh olunaraq, vəziyyətdən çıxış yolları dəqiqliklə göstərilmişdir. Müraciətin sonunda ümummilli lider Heydər Əliyev YAP-ın yaradılmasının obyektiv zərurətdən yarandığını bildirərək belə bir təşkilatın fəaliyyətində iştiraka hazır olduğunu bəyan etmişdir: “Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa onun fəaliyyətində fəal iştirak etməyə hazıram.”
Bildirildi ki, obyektiv səbəblərdən partiyanın təsis konfransı Bakıda deyil, Naxçıvanda keçirildi. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında ulu öndər Heydər Əliyev YAP-ın Sədri seçildi. Bununla da ölkəmizin ictimai-siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında qüdrətli bir təşkilat daxil oldu. Qısa zamanda partiyanın şəhər və rayon təşkilatları təsis olundu. Bu təşkilatlar isə özlərində onlarla ərazi ilk partiya təşkilatlarını birləşdirir.H.Mirələmov YAP Xətai rayon təşkilatının 1993-cü ilin fevralında yarandığını önə çəkərək, ötən bu dövrdə böyük inkişaf yolunu keçdiyini diqqətə çatdırdı. Təsis olunanda ətrafında 25 ilk ərazi təşkilatını, 500 üzvü birləşdirən YAP Xətai rayon təşkilatının bu gün üzvlərinin sayı 17 min nəfərdir. İlk ərazi təşkilatlarının sayı isə 147-dir. Təşkilatın sıralarında birləşən üzvlərin 30 faizini gənclərin təşkil etməsi mühüm hadisədir. Azərbaycan gəncləri partiyada təmsil olunmaqla öz potensiallarından səmərəli istifadə edir, bütün qüvvə və bacarıqlarını Azərbaycanın uğurlu gələcəyinə yönəldirlər.H.Mirələmov partiyanın 20 illik yubileyi ərəfəsində təşkilatın keçirdiyi tədbirlərdən də geniş bəhs etdi. Bildirdi ki, əsas məqsəd partiyanın keçdiyi yola nəzər salıb, qarşıda dayanan vəzifələri bir daha nəzərdən keçirməkdir. Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməsi üçün hər birimiz səylə çalışmalı, həmrəy olmalıyıq. Güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir.
YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov öncə tədbir iştirakçılarını 12 noyabr- Konstitusiya günü münasibətilə təbrik etdi. Bildirdi ki, tədbirin məhz bu gündə keçirilməsinin özündə də bir rəmzi məna var. Ə.Əhmədov qeyd etdi ki, partiyanın hər bir üzvü YAP-ın yaranmasının tarixi şərtlərini bilir, yaşadığımız illər partiyanın şərəf salnaməsi kimi hər birimizin yaşadığı tarixin bir parçasıdır. “Güman edirəm ki, YAP-ın yaradılmasının 20 illiyinin ən başlıca mənası partiyanın qarşıya qoyduğu amalların reallaşmasının nəticəsi kimi bu gün gerçəkliyə çevrilmiş Azərbaycandır. YAP öz üzərinə götürdüyü amalları, insanların ona bağladığı ümidləri doğruldaraq Azərbaycan vətəndaşlarının Heydər Əliyevdən və onun yaratdığı partiyadan gözlədikləri nə varsa, hər birini həyata keçirə bildi. 90-cı illərin əvvəllərində ictimai-siyasi sabitliyin təmin edilməsi, xaos və anarxiyanın aradan qaldırılması xalqımızın istək və arzuları idi. Heydər Əliyev hakimiyyətə qayıdaraq bunları həyata keçirdi. Sonrakı mərhələdə ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsi önəmli idi ki, Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi və ölkəmizdə yeni iqtisadi mühit, azad bazar iqtisadiyyatı formalaşdı. Xalqın rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıldı. Sonrakı dövrlərdə digər məsələlər-Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması və s. addımlar atıldı. Bu kimi addımlar Yeni Azərbaycan Partiyasının 20 ildə yaşadığı ayrı-ayrı mərhələlərdir. Ə.Əhmədov qeyd etdi ki, “YAP 20 illik fəaliyyəti ərzində nəyə nail olub” sualını cavablandırmalı olsaq, bugünkü Azərbaycanı, bugünkü reallıqları göstərib, fəxrlə qeyd edə bilərik ki, YAP Heydər Əliyevin və İlham Əliyevin rəhbərliyi altında bugünkü Azərbaycanı qurdu. “Yeni, müstəqil, günbəgün möhkəmlənən və güclənən Azərbaycanı qurdu. Yeni Azərbaycan Partiyasının 20 illik fəaliyyəti dövründə dövlət büdcəmiz 50 dəfə artıb. Dünya tarixində belə bir nümunəni tapıb misal göstərmək asan deyil. Təbii ki, bu, sadəcə bir rəqəm, statistika deyil. Bunlar bizim hər birimizin həyatında baş verən dəyişikliklər, həyatımızın köklü şəkildə yeniləşməsi, insanların həyat səviyyəsinin yüksəlməsidir. Əlbəttə, insanların rifah halı yaxşılaşdıqca, daha böyük arzular, istəklər yaranır. Ona görə də hesab edirəm ki, bu gün həyata keçirilən siyasətin ən mühüm nəticələrindən biri də ondan ibarətdir ki, insanlarımızın gələcəklə bağlı istəkləri gündən-günə genişlənir. Bəlkə də bu gün mən deyərdim ki, “Azərbaycan arzusu” deyilən bir məfhum meydana gəlib. 90-cı illərin əvvəllərində insanların hansı durumda olduqları yaddaşlardadır. Onlar sabahla bağlı ümidlərini açıq şəkildə ifadə edə bilmirdilər. İnsanlar həmin günün qayğılarından başqa heç bir arzunu ürəklərində belə formalaşdıra bilmirdilər. Bu gün isə insanların gələcəklə bağlı ümidləri böyükdür. Bunların hamısı Yeni Azərbaycan Partiyasının Heydər Əliyev və İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirdiyi böyük inkişaf proqramlarının nəticələridir. Gələcəyə ümidlə baxmaq, bu ümidlərdən doğan arzularla yaşamaq gərəkdir. Təbiidir ki, bu ümidlərin mərkəzində duran bir vacib məqam da ondan ibarətdir ki, insanlar aydın şəkildə dərk edirlər ki, hər günümüz əvvəlkindən daha yaxşı olacaq.”“Əlbəttə, keçdiyimiz 20 illik yol şərəfli tarixdir” söyləyən Ə.Əhmədov qeyd etdi ki, bu tarixdə çətinliklər, məşəqqətlər olub, ancaq Heydər Əliyevin müdrikliyi sayəsində bunlar aradan qaldırılıb. Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilib. Azərbaycan dünyanın inkişaf etmiş ölkəsi kimi tanınıb. Bütün bunların hamısı YAP-ın həyata keçirdiyi siyasətin nəticələridir. Qarşıda bundan da əzəmətli vəzifələr dayanır. Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası həmin vəzifələri də yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. YAP bundan sonra da ölkənin qüdrətinin artması, iqtisadiyyatının yüksəlməsi, insanların rifah halının yaxşılaşması kimi şərəfli bir vəzifəni öz çiyinləri üzərində daşımaq iqtidarında olduğunu bəyan edir. Bunları həyata keçirmək üçün ciddi əsaslar var. O da qeyd olundu ki, Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın ən qüdrətli təşkilatıdır. “Partiyanın gücünün, qüdrətinin əsasında dayanan Heydər Əliyev amilidir, partiyanın Heydər Əliyevin adı ilə bağlı olmasıdır. İnsanlarımızın partiyaya Heydər Əliyev partiyası kimi inam bəsləməsi və bu inam əsasında atılan addımları dəstəkləməsidir. YAP-ın gücünün, qüdrətinin digər mənbəyi də partiyanın Sədri İlham Əliyevlə əlaqədardır. 2003-cü ildən bu yana Azərbaycanın çox sürətlə, dinamik inkişafı, modernləşməsi, müasir bir cəmiyyətə çevrilməsi, həyatımızın bütün sahələrində dəyişikliklərin əsasının qoyulması da insanlarda İlham Əliyevin həyata keçirdiyi siyasətə böyük inam formalaşdırıb. Bu inam YAP-ın gücünün və qüdrətinin digər bir mənbəyini təşkil edir. Bu gücün digər səbəbi də partiyanın 600 minə yaxın üzvünün YAP-ın yaradıcısı Heydər Əliyevin ideyalarına, onun siyasi kursunun davamçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə dərindən inanması və partiyanın sıralarında birləşməsidir. 600 min insan böyük bir ordu, böyük bir gücdür. Bu da sadəcə bir rəqəm deyil. Bu, insanların birləşməsindən əmələ gələn böyük bir gücdür. Bu qüvvə Azərbaycanın daha da çiçəklənməsi istiqamətində səfərbər olunub, fəaliyyət göstərir və bundan sonra da hər fədakarlığı göstərməyə hazır olduğunu bəyan edir. Buna görə də YAP yaşadığı 20 illik şərəf tarixinə bundan sonra daha böyük qələbələr yazmaq gücündədir. 2013-cü ildə ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Bu gündən artıq hər kəs 2013-cü il prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürmək barədə böyük iradəsini ortaya qoyub. Bu, əslində xalqın İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə inamının ifadəsidir. Bu inam da cənab İlham Əliyevin 2013-cü il prezident seçkilərində qələbəsinin başlıca mənbəyini təşkil edir.”
Ə.Əhmədov paytaxt və bölgələrdə həyata keçirilən quruculuq, abadlıq işlərindən də geniş bəhs etdi. Bildirdi ki, Xətai rayonu Bakının ən gözəl rayonlarından biridir. Digər rayonlarda müşahidə etdiyimiz quruculuq, abadlıq işləri Xətai rayonunda da özünü göstərir. Bütün bunların hamısı insanların rifahının artması ilə yanaşı, həyatının keyfiyyətinin dəyişməsinə dəlalət edir. Bütün bunların hamısı bütövlükdə Azərbaycanın müasirləşməsinin, yeniləşməsinin, insanların rahat yaşamasının təmin edilməsinə yönəlib. Yeni Azərbaycan Partiyasının başlıca amalı da budur. Yeni Azərbaycan Partiyasının başlıca amalı ölkəmizin qüdrətini artırmaq, Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirmək, bunların da fonunda əhalinin sosial müdafiəsini gücləndirməkdir. Nə qədər insanların həyat səviyyəsi yaxşılaşırsa, onlarda yeni arzular meydana gəlir. Bu arzuları həyata keçirmək üçün isə əsaslar mövcuddur.
Ə.Əhmədov bir daha tədbir iştirakçılarını YAP-ın 20 illik yubileyi münasibətilə təbrik etdi və belə bir inamı ifadə etdi ki, növbəti yubileyləri bu gün yaradılmış baza əsasında daha böyük nailiyyətlərlə qeyd edəcəyik.
Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi münasibətilə rayon məktəbləri arasında keçirilmiş “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisi, Azərbaycan xalqının əbədi lideridir” mövzusunda inşa müsabiqəsinin, eyni zamanda mini futbol turnirinin qalibləri mükafatlandırıldı. Təşkilatın sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsinin verilməsi də tədbirin əhəmiyyətli məqamlarından oldu. Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, düşünülmüş siyasəti sayəsində Azərbaycanın qazandığı uğurları əks etdirən film nümayiş olundu.