Görülən işlər ili uğurla başa vurmağa zəmanət verir
Ötən gün Xətai Rayon İcra Hakimiyyətində 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, ötən dövrdə müsbət dəyişikliklər baş verib, rayonun sosial-iqtisadi və mədəni həyatı inkişaf və irəliləyişlərlə yadda qalıb. Bu ilin birinci yarısında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 99 milyon 851 min manatlıq investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9 faiz çox olub. İstehlak bazarı dinamik inkişaf edib, rayon ərazisində pərakəndə ticarət şəbəkələrindən əhaliyə 597 milyon 830 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,6 faiz çox əmtəə satılıb. Satılmış əmtəələrin 21,1 faizi hüquqi şəxs statuslu, 74.5 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 4,4 faizi rayonda fəaliyyət göstərən bazarda realizə olunub. Əhaliyə realizə olunmuş istehlak mallarının 66,6 faizini-398 milyon 155 min manatlığını ərzaq məhsulları, 33.4 faizini-199 milyon 715 min manatlığını isə qeyri-ərzaq malları təşkil edib.
Bildirildi ki, 2015-ci ilin birinci yarısında rayonda 2484 yeni iş yeri yaradılıb. Ümumiyyətlə, son 12 ildə rayonda 40591 yeni iş yeri yaradılıb ki, onun da 40385-i daimidir. Hesabat dövründə ünvanlı sosial yardımla bağlı müraciət edən 1168 ailədən 1137 ailəyə bu yardım təyin olunub, bir ailəyə düşən orta aylıq yardımın məbləği keçən ilin birinci yarısındakı 142,11 manatdan 160 manatadək yüksəlib. Rayonda aparılan abadlaşma və yenidənqurma işlərinin həcmi artıb, “Bakı Ağ şəhər” layihəsinin inşası sürətlə aparılıb, Nobel prospektində yeraltı keçidin və Xəqani Rüstəmov küçəsinin Babək prospekti ilə birləşdirilməsi məqsədi ilə yeni yolun tikintisi sürətləndirilib. Zığ yolu, Qədir Məmmədov, Cavanşir və Sabit Orucov küçələrindəki 15 ədəd çoxmərtəbəli yaşayış binasının oda davamsız materiallarla üzlənmiş fasadlarında həmin üzlüklər qısa müddətdə sökülüb, birinci Avropa Oyunları başlayanadək bu yaşayış binalarının fasadlarında əsaslı təmir işləri başa çatdırılıb.
R.Məmmədov qeyd etdi ki, Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş, Yusif Səfərov küçəsində yeni yaradılan fəvvarələr və şəlalələr kompleksi rayonun simasına xüsusi gözəllik bəxş edib, bu kompleks ən müasir avadanlıqlarla təchiz olunub, burada müasir texniki infrastruktur və idarəetmə mərkəzi yaradılıb. Qeyd olunan kompleks ölkəmizə gələn qonaqlarda şəhərimiz haqqında yüksək təəssürat yaradacaq. Elə həmin kompleksin yaxınlığında-Y.Səfərov 38 ünvanında ölkə başçısının xeyir-duası ilə qısa müddətdə tikilib istifadəyə verilmiş yeni park, burada quraşdırılmış böyük fantan ətrafda yaşayan sakinlərin sevincinə səbəb olub.
Dövlət başçısı rayonda inşa edilmiş “Ağ şəhər” 1 yarımstansiyanın, Nobel prospektinə paralel inşa olunmuş yeni dənizkənarı yolun açılışında iştirak edib. Buradakı yol qovşaqları, mühəndis qurğuları və istirahət edən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə inşa olunmuş 3 piyada keçidi vaxtılə “Qara şəhər” adlanan ərazinin tamamilə abadlaşdırılması və yeni görkəm alması istiqamətində görülən işlərin davamlı olmasını göstərir.
Hesabat məruzəsində bildirildi ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Yaponiyanın peşəkar mütəxəssisləri tərəfindən Bakı şəhərində ilk dəfə xüsusi dizayna malik Yapon bağı inşa olunur. 600 kvadratmetr sahəni əhatə edəcək Yapon bağında şəlalə qurulması, bu ölkəyə məxsus xüsusi atributların yerləşdirilməsi nəzərdə tutulub. Bu parkda da inşaat işləri başa çatıb.
Bu ilin aprel ayında Zığ yolu 16 ünvanında baş vermiş yanğın nəticəsində əşya və avadanlıqlarına ziyan dəymiş 60 ailənin hər birinə Nazirlər Kabinetinin müvafiq qərarı ilə 15 min manat maddi yardım verilməsi təmin olunub, mənzillər təmir olunub, sakinlər öz evlərinə qayıdıblar.
Bütün bunlarla yanaşı, vətəndaşların müraciətlərinə baxılmasına diqqət artırılıb, yarım il ərzində daxil olmuş 1364 ərizədən 56-na və 1144 məktubdan 52-nə nəzarət qaydasında baxılıb və araşdırılaraq aidiyyəti üzrə dövlət orqanlarına rəsmi cavablar verilib.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov və başqaları ötən dövrdə Xətai rayonunda görülən işlərdən, əldə olunan uğurlardan danışdılar.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş rayon İcra Hakimiyyəti aparatının İctima-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tofiq Məmmədova medal təqdim edildi.