Xətai rayonunda Bilik günü qeyd edilib
15 sentyabr - Bilik günü münasibətilə ölkənin hər yerində olduğu kimi Xətai rayonunun orta ümumtəhsil məktəblərində də bayram tədbirləri keçirilib.
Rayonun 264 nömrəli tam orta məktəbində keçirilən tədbirə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov da qatılıb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, təhsilin inkişafında Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər danılmazdır. Qeyd olunub ki, bu il rayon üzrə 5311 nəfər birinci sinfə qədəm qoyur. Yeni tədris ilində ali məktəblərə 1572 nəfər daxil olub. 227 nəfər 500-dən, 125 nəfər 600-dən, 40 nəfər isə 650-dən yuxarı bal toplayıb. 6 nəfər isə prezident təqaüdünə layiq görülüb.
Çıxış edən rayon müəllimləri, ziyalılar və valideynlər yeni dərs ili münasibətilə müəllim və şagird heyətini xüsusilə də birinciləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonra ilk zəng çalınıb və şagirdlər yeni dərs ilinə başlayıblar. Tədris ilinin başlanması ilə əlaqədar rayon icra hakimiyyəti tərəfindən birinci sinfə gedənlərə məktəb ləvazimatları paylanılıb.