Xətai rayonunda yanğın təhlükəsizliyi mövzusunda tədbir keçirildi.
Hər il olduğu kimi bu il də payız –qış mövsümünün gəlməsi ilə paytaxtın yanğından mühafizə xidmətinin qayğıları da artmışdır. Son illər bu xidmət orqanlarının rayon icra icra hakimiyyəti və idarəetmə strukturları ilə birgə fəaliyyəti insan həyatı üçün təhlükə yarada biləcək bir-sıra problemlərin vaxtında aradan qaldırılması işinin səmərəliliyini xeyli artırmışdır. Xətai Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları qarşısında duran birgə vəzifələr” mövzusunda keçirilən müşavirə də məhz bu məramla çağrılmışdı.
Müşavirədə FHN Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından mühafizə xidmətlərinin, eləcə də rayonun aidiyyatı xidmətlərinin, təhsil müəssisələrinin rəhbərləri, bələdiyyə və mənzil istismar sahələrinin nümayəndələri iştirak edirdilər.
Xətai rayon icra hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev müşavirəni açaraq bildirdi ki, artıq bir-neçə ildir yanğından mühafizə orqanları ilə bu istiqamətdə müxtəlif mövzularda tədbirlər keçirir və monitorinqlər aparırıq. Əldə etdiyimiz nəticələrin təhlilləri göstərir ki, istehsalat və yaşayış sahələrində yanğın hadisələrinin böyük əksəriyyəti qaz sobalarının, elektrik xətlərinin və qurğularının istismarı, məişət elektrik cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir.
R.Quliyev qeyd etdi ki, ilin ən ciddi yanğın hadisəsi Zığ yolu 16 binanın fasadında baş vermiş yanğın hadisəsi olmuşdur. Hadisə zamanı fövqəladə hallar Nazirliyinin əməkdaşlarının səyləri ilə bina sakinləri operativ təxliyyə edilmiş, əhalinin təhlükəsizliyi təmin edilmişdir. Qısa vaxtda bina təmir edilərək sakinlərin ixtiyarına verilmişdir. Bu hadisədən bir müddət sonra respublika rəhbərliyinin tapşırığı ilə, bütün ölkədə olduğu kimi bizim rayonda da təhlükəli üzlük materiallarla üzlənmiş 15 hündürmərtəbəli yaşayış binasının fasadı sökülərək, qısa vaxtda təhlükəsiz materiallarla təmir edilmişdir.
İcra hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyevlə yanaşı, məruzə ilə çıxış edən FHN Bakı Regional Mərkəzinin şöbə rəisi, polkovnik leytnant Elgün Ələkbərov da 2014 və 2015-ci illərin 9 ayı ərzində yanğın və dəm qazı zəhərləmələri ilə bağlı müqayisəli statistikanı, eləcə də rayon ərazisində yanğın təhlükəsizliyi sahəsində mövcud olan problemləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd olundu ki, 2013-cü ilin 9 ayında Xətai rayonunda 41 yanğın hadisəsi baş vermişdisə bu ilin 9 ayında 18 yanğın hadisəsi olmuşdur. Dəyən ziyanın məbləgi 351min manatdan çox olmuşdur.
Müşavirədə çıxış edən 3-cü Ərazi Dövlət Yanğın İdarəsinin əməkdaşı polkovnik-leytnant Təyyar Paşayev isə qeyd etdi ki, Xətai Rayon İcra Hakimiyyətinin müvafiq qurumları ilə birlikdə dəm qazından zəhərləmələrin qarşısını almaq üçün tüstü bacalarının təmizlənməsi, qazla işləyən qızdırıcı cihazların havalandırma şaxtalarına qoşulması hallarının qarşısının alınması istiqamətində də son illər bir sıra ciddi tədbirlər görülmüşdür. Binaların qarşısına çıxan məhəllədaxili yollarda, keçidlərdə maneələr aradan qaldırılmış, yanğısöndrən avtomobillərin giriş-çıxış yolu təmin olunmuş, bir-sıra ünvanlarda yanğın su hovuzları bərpa olunmuş, yaşayış binalarında 2 min mənzilin tüstü bacaları, havasorucu kanallar təmizlənmişdir. “Azərsu” ASC tərəfindən rayon ərazisində binaların yanğın yanğın təhlükəsizliyi məqsədilə su xətlərinin üzərində 103 yanğın qidrantı quraşdırılmışdır.
Müşavirədəki çıxışlar zamanı yanğın təhlükəsizliyi və dəm qazından zəhərlənmələrlə bağlı videomateriallar nümayiş etdirildi. Müşavirədə iştirak edən Sonda FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev və bir çox digər mütəxəssislər iştirakçılara müvafiq təlimat və tövsiyyələrini verdilər.