Xətai rayonunun 2015 - ci ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.
2015 - ci ilin 9 ayı ərzində Xətai rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş hesabat yığıncağında icra hakimiyyətinin başçısı Razim Məmmədov geniş hesabat məruzəsi ilə çıxış etdi.
Natiq qeyd etdi ki, Azərbaycanda, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf xətti 2015-ci ilin üçüncü rübündə də davam etdirilərək, ölkənin sosial-iqtisadi inkişafının bir çox istiqamətlərində əhəmiyyətli uğurlar əldə olunmuşdur. Nazirlər Kabinetinin bu il oktyabrın 12-də keçirilən geniş iclasında Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “bu gün bölgədə gedən proseslər, qanlı toqquşmalar, iqtisadi tənəzzül, ilin əvvəlindən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi gəlirlərimizin azalmasına səbəb olmuş, iqtisadi inkişafımıza mənfi təsir göstərmişdir. Lakin aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatının inkişafı təmin edilmiş, 9 ayda sənaye istehsalı 2,1 faiz, kənd təsərrüfatımız 6,7 faiz, qeyri-neft iqtisadiyyatı 6 faizdən, qeyri-neft sənayesi isə 10 faizdən çox artmışdır.” Ümumi daxili məhsulumuzun strukturu yaxşılaşmış, ölkə iqtisadiyyatındakı artım 3,7 faiz olmuşdur.
Sonra Razim Məmmədov cari ilin üç rübündə rayonda görülən işləri geniş təhlil edərək bildirmişdir ki, Xətai rayonunun sosial- iqtisadi göstəriciləri də yüksək olmuşdur. Ötən 9 ayda rayonun iqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər təhlil edilərkən müəyyən olunmuşdur ki, rayonda məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafı təmin olunmuş, onlara mütənasib olaraq sosial məsələlər uğurla həll edilmişdir.
İlin 9 ayında rayonun sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 682 milyon 343,3 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulu istehsalının keçən ilin eyni dövründəkindən 11,9 faiz azalmasına isə, ilin əvvəlindən “Azərneftyağ” Neft Emalı zavodunun bağlanması səbəb olmuşdur.
Hesabat dövründə istehlakçılara 683 milyon 025,5 min manatlıq və ya bütün sənaye istehsalının 100,1 faizi qədər sənaye məhsulu göndərilmiş, sənaye müəssisələrinin anbarlarında 2678,7 min manatlıq hazır məhsul yığılıb qalmışdır.
Dövlət sektorunda 634 milyon 579,3 min manatlıq və ya ümumi istehsalın 93 faizi qədər, qeyri-dövlət sektorunda isə 47 milyon 764 min manatlıq və ya ümumi istehsalın 7 faizi həcmində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
9 ayda rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün maliyyə mənbələrindən 176 milyon 343,1 min manatlıq investisiyadan istifadə olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,6 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyadan 2014-cü ilin müvafiq dövrünə nisbətən 9,6 faiz çox, yəni 107 milyon 606,6 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi isə 763 milyon 135 min manat olmuşdur.
İstehlak bazarı da dinamik inkişaf etmiş, rayon ərazisində pərakəndə ticarət şəbəkələrindən əhaliyə 1 milyard 052 milyon 266,4 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 29,8 faiz çox əmtəə satılmışdır. Pərakəndə ticarət dövriyyəsinin 99,2 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdür. Xidmət müəssisələri tərəfindən əhaliyə 316 milyon 230.5 min manatlıq, yaxud 2014-ci ilin müvafiq dövrünə nisbətən 14.2 faiz çox pullu xidmətlər göstərilmişdir. Pullu xidmətlərin 85.3 faizi özəl bölmə tərəfindən həyata keçirilmişdir.
2015-ci ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 666,4 manat, sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqqı 8,1 faiz artaraq 664,1 manat, tikinti kompleksində çalışanların əmək haqqı isə 9,5 faiz artaraq 898,1 manat olmuşdur. Bu göstərici rabitədə 558,2 manat,nəqliyyatda isə 781,8 manat təşkil etmişdir.
R.Məmmədov qeyd etdi ki Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsası kimi sahibkarlığın inkişaf etdirilməsi, ona dövlət dəstəyin verilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Onlara yaradılmış şəraitin nəticəsində yeni iş yerlərinin yaradılması kimi vacib bir məsələnin də həllinə nail olmağa çalışırıq. Belə ki, ötən illərdə olduğu kimi, bu ilin doqquz aynda da 3878 yeni iş yerləri yaradılmışdır ki, bunun da 861-i yeni yaradılmış müəssisələrdə, 915-i mövcud müəssisələrdə, 114-ü fəaliyyətini bərpa etmiş müəssisələrdə,1988-i isə fiziki şəxslər tərəfindən açılmışdır.Ümumiyyətlə son 12 ildə rayonda 40661 yeni iş yeri yaradılmışdır ki, onunda 40455 - i daimi iş yerləridir.
Hesabat dövründə aparılan abadlaşma və yenidən qurma işlərinin həcmi artmış, Bakı Ağ şəhər layihəsinin inşaasında, Nobel prospektində yeraltı keçidin və Xəqani Rüstəmov küçəsinin Babək prospeki ilə birləşdirilməsi məqsədi ilə yeni yolun tikintisi sürətləndirilmişdir.
Yusif Səfərov və Sabit Orucov küçələrinin kəsişməsdində yeni bir park tikilmiş, parkın ətrafındakı 5 hündür mərtəbəli yaşayış binasının fasadlarında əsaslı təmir işləri görülmüşdür. Ərazinin abadlaşdırılması məqsədi ilə Firuz Qəmbərov küçəsi ilə Sabit Orucov küçəsinin kəsişməsindəki 11 metal və 19 daşdan tikilmiş qaraj, həmçinin 11 bir mərtəbəli yaşayış binası, sakinlərə kompensasiya ödənilərək köçürüləndən sonra sökülmüşdür.
Bu ilin aprel ayında Zığ yolu 16 ünvanında baş vermiş yanğın nəticəsində əşya və avadanlıqlarına ziyan dəymiş 60 ailənin hər birinə, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə 15 min manat maddi yardım verilməsi təmin olunmuş, yaşadıqları mənzillər təmir olunaraq onlara təhvil verilmişdir.
İcra başçısı xüsusi ötən 9 ayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xətai rayonunda bir sıra obyektlərin açılış mərasimlərində şəxsən iştirak etməsini görülən işlərə verilən yüksək qiymət kimi dəyərləndirdi və bunu həm də üzərlərinə yüksək məsuliyyət qoyması kimi qəbul etdiyini bildirdi. Bu hər birimiz üçün böyük şərəf işidir.
Hesabat məruzəsində rayonda yeni istifadəyə verilmiş “Yapon bağı”, xüsusi Dövlət Proqramı və digər investisiya proqramları əsasında inşa və təmir olunan məktəblər, uşaq bağçaları və səhiyyə müəssisələri barədə də məlumat verildi və vurğulandı ki, Xətai rayonunda artıq bütün məktəblər ya yenidən tikilmiş, və ya əsaslı təmir olunmuşdur. Növbəti illərdə məktəblərin heç bir təmir-tikinti problemi demək olar ki, qalmayacaq. İcra başçısı çıxışında ölkə rəhbərinin tapşırığı ilə bu ilin fevral - may aylarında əhalinin tibbi müayinədən keçirilməsindən, təhsil sahəsində əldə olunan nailiyyətlərdən, müntəzəm xarakter almış səyyar qəbulların keçirilməsindən, qarşıdan gələn qış mövsümü ilə bağlı əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində görülən hazırlıq işlərindən və həyata keçiriləcək tədbirlədən də geniş hesabat verdi.
R.Məmmədov xüsusi qeyd etdi ki, bütün bu nailiyyətlərin əsasında Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi, ictimai-siyasi strategiya durur.
Yığıncaqda çıxış edən natiqlər də bu ilin doqquz ayında rayonda görülən işlərə münasibət bildirərək, rayon icra hakimiyyəti başçısının hesabatını qənaətbəxş hesab etdilər. Natiqlər vurğuladılar ki, dünyada davam edən iqtisadi böhrana və gərgin siyasi qarşıdurmalara baxmayaraq, xalqımızın tam sabit şəraitdə yaşadığı Azərbaycanda sosial iqtisadi inkişaf yüksələn templə davam etmişdir.
Hesabat iclasına yekun vuran İcra Hakimiyyətinin başçısı R.Məmmədov bütün qüvvələri ili uğurla başa vurmağa səfərbər etmək üçün rayonun müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.