Xətai rayonunda ağacəkmə aksiyası keçirildi
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai rayonunda da davamlı xarakter alıb.
Xətai Rayon İcra Hakimiyyəti və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayonun Əliağa Şinxlinski küçəsində ağacəkmə kampaniyası keçirildi. Paytaxt Bakının ekoloji mühitinin yaxşılaşdırılması və şəhərin daha da gözəlləşdirilməsinə xidmət edən yaşıllaşdırma kampaniyasında Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayonun idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin kollektivləri, könüllülər, fəal gənclər, ümumilikdə 2500-dən çox insan iştirak etdi. Budəfəki aksiyada müxtəlif ölkələrdən gətirilən tinglər, həmçinin çinar, zeytun, küknar, şam, söyüd ümumilikdə 1000-dən çox ağac və dekorativ kol əkildi.Onu da deyək ki, bu ərazilərdə yaşılıqların salınması Bakı və Bakı ətrafı ekoloji tarazlığın qorunmasına və bərpa olunmasına xidmət edir.
Ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində keçirilən aksiyada məqsəd ekoloji maarifləndirmə işlərinin aparılması, eləcə də ölkəmizin flora və faunasının qorunmasıdır. Yaşıllaşdırma marafonu çərçivəsində Yusif Səfərov küçəsində və Xocalı parkında da abadlıq işləri görüldü. Ərazi məişət tullantılarından təmizləndi, mövcud yaşıllıqlar sulanıb, ərazidə gül və bəzək kolları əkildi. Rayonda ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasında mühüm rol oynayan yaşıllaşdırma aksiyalarında bundan sonra da ağac, gül və bəzək kollarının əkilməsi nəzərdə tutulur.