Xətai rayonunda əlillərə qayğını həm vəzifə, həm də insanlıq borcu hesab edirlər
3 Dekabr Beynəlxalq Əlillər Gününün qeyd edilməsi əlillərin problemlərinə diqqət çəkməyə, onların ləyaqətini, hüquqlarını və rifahını qorumağa, onların ictimai-siyasi, sosial- iqtisadi və mədəni həyatda iştirakdan kənarda qalmasına imkan verməməyə yönəlib. Dünən iki yüzdən artıq əlili Viktoriya” şadlıq sarayında bayram süfrəsinə toplayan Xətai Rayon İcra Hakimiyyətinin də əsas məramı elə bundan ibarət idi.
Mərasimdə çıxış edən Xətai rayon icra hakimiyyəti başçısının müavini Qafur Rəhmanov son illər Azərbaycan hökümətinin əlillərin hüquqlarının qorunması və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirləri, qanunvericilik bazasında münasib dəyişiliklər edilməsini, onların pensiyalarının artırılmasını, həyata keçirilən dövlət proqramlari nəticəsində onların mənzil, maşın, əlil arabaları ilə təmin olunmasını, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçmələrini diqqətə çatdırdı.
Natiq çıxışının sonunda qeyd etdi ki, əlil insanlarla bağlı dövlət siyasəti Xətai rayonunda da uğurla həyata keçirilir. Onların müraciətlərinə son dərəcə həssas münasibət göstərməklə yanaşı, sosial-məişət problemlərinin vaxtında həll olunmasına çalışırlır. Çünki əlillərə qayğını həm vəzifə, həm də insanlıq borcu hesab edirlər.
Sonra tədbirdə iştirak edən əlillərdən bir neçəsi söz alaraq dövlətin, xüsusilə Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildirdilər.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra saraya toplaşan əlillər respublika mədəniyyət və incəsənət ustalarının hazırladıqları konsert proqramına tamaşa etdilər və rəqs edib, əyləndilər.