Şriftin ölçüsü :

Saytın rəngi :

“Sən elə bir zirvəsən ki...”

08 dekabr 2015 | 11:00

Dekabrın 12-i yaxınlaşdıqca  Azərbaycanın bütün bölgələrində,  şəhər və qəsəbələrində olduğu kimi,paytaxtın Xətai rayonunda, rayonun idarə və müəssisələrində, orta ümumtəhsil məktəblərində də müstəqil ölkəmizin siyasi taleyində əvəzsiz rol oynamış ümummilli lder Heydər Əliyevin anım günü ilə bağlı bir-birindən maraqlı və rəngarəng tədbirlər, toplantılar və disputlar  keçirilir. Dünən Xətai rayonundakı 204 və Humanitar təmayüllü fə­nlər liseyinin düzənlədiy çox maraqlı tədbirin iştirakçısı olduq.   

204 saylı məktəbin foyesində şagirdlərin yaradıcılığının məhsulu olan və ümumi leytmotivi “Ulu öndər sən qəlbimizdə əbədi yaşayacaqsan” fikrindən ibarət divar qəzetlərindən və stendlərdən bir daha aydın olurdu ki, ümummilli liderimiz Heydər Əliyevin xatirəsi həqiqətən bu ölkənin əbədiyyət tarixinə yazılıb. Elə akt zalında şagirdlərdən birinin oxuduğu şeirdəki kimi: “Səni torpağa yox, tarixə tapşırdıq.”

Akt zalına toplaşan bütün şağird və müəllim kollektivinin ifasında səslənən dövlət himnindən sonra 204 saylı məktəbin direktoru Ziba Rzayeva tribunaya çıxdı. Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini istəyən Ziba xanım, nəfəs dərməyən zalın bir dəqiqəlik sükutundan sonra çıxışına başladı:

  --Bu günlər müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri, ölkəmizin aydın sabahı naminə həyatını belə əsirgəməyən ümummilli liderimiz Heydər Əliyevin əbədiyyətə qovuşmasından 12 il keçir. Lakin xalqımız, özünü azərbaycanlı sayan bir insan belə bu dahinin nurlu xatirəsini bir an belə unutmur, onun ideallarına böyük sədaqət nümayiş etdirməyi özünə borc bilir.

Natiq çıxışına davam edərək bildirdi ki, ulu öndər fenomenini, Heydər Əliyev böyüklüyünü, onun xalqı, ölkəsi və müstəqilliyimiz üçün gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə biz—onun müasirləri acizik. Çox illər, qərinələr ötəndən sonra bu tarixi şəxsiyyətin Vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini zaman özü verəcək. Tarixi  gerçəklik ondan ibarətdir ki, ümummilli liderimiz Heydər Əliyev gələcəyimizə, onun əbədiyyətə qovuşmasından sonra dünyaya gələn bu fidan balalara, gələcək nəsillərə olan səxavəti özünü bütövlükdə yaşadığı zamana həsr etməsində idi. Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır. O, xalqı və dövləti naminə bütün döyüşlərdən qalib çıxdı və təkcə Azərbaycanda, türk dünyasında deyil, dünya siyasi olimpində öz layiqli yerini tutdu.

Anım mərasimində iştirak edən Xətai rayon icra hakimiyyəti başçısının müavini Qafur Rəhmanov  çıxış edərək bildirdi ki,  Heydər Əliyevin tarixi şəxsiyyət kimi böyüklüyü, XX əsrin sonu və XXI əsrin əvvəllərində ictimai siyasi həyatın bir çox sahələrində özünü göstərdi. Lakin  tarixin çox mürəkkəb, drammatik və məsul bir döründə xalqın əsrlərdən gələn azadlıq və müstəqillik arzularını gerçəkləşdirərək, müstəqil və suveren Azərbaycan Respublikasını qurması onun siyasi və dövlətçilik fəaliyyətini daha parlaq şəkildə nümayiş etdirdi. Dövlətçiliyimizin, müstəqilliyimizin mürəkkəb anlarında, ən çətin məqamlarında Heydər Əliyev böyük sərkərdə dühası ilə gənc müstəqil Azərbaycanı xoas və anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən ustalıqla çıxararaq tərəqqiyə, yüksəlişə, davamlı sabitliyə, hüquqi, demokratik dövlətə doğru apara bildi və həyatının son məqamında belə yaratdığı bu möhtəşəm əsəri öz sədaqətli və dəyanətli silahdaşına cənab İlham Əliyevə etibar etməklə yeni möhtəşəm bir xidmətə imza atdı.

Q.Rəhmanov vurğuladı ki, illər keçdi və ulu öndər Heydər Əliyevin göstərdiyi bu xidmət xalqımızın sonrakı taleyində misilsiz rol oynadı. Müstəqil Azərbaycan bu  illərdə öz  qətiyyətli lideri möhtərəm Prezidentimiz İlham Əliyevin çevik strateji planları və  xalqla sarsılmaz birliyi sayəsində inanılmaz intibah yolu keçərək dünyanın yüksək inkişaf etmiş ölkələri səviyyəsinə yüksəldi.

Natiq daha sonra bildirdi ki, Heydər Əliyev irsi Azərbaycan gəncləri üçün əbədi həyat məktəbdir. Ulu öndər müasir Azərbaycan cəmiyyətinin inkişafı istiqamətində ən başlıca vəzifə kimi gənclərin təhsilinin və tərbiyəsinin yüksək səviyyədə təşkil olunmasında görürdü. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev təhsil işçilərinə, elm və mədəniyyətlə məşğul olan insanlara, xüsusən də müəllimlərə, daim gənclərin milli mənəvi dəyərlər zəminində tərbiyə olunmasını tövsiyə edirdi.

Çıxışlardan sonra məktəblilər özlərinin hazırladıqları, bir-birindən maraqlı və məzmunlu ədəbi-bədii kompozisiyalarını nümayiş etdirdilər. İfa edilən musiqi nömrələrində, aktyor  məharətilə söylənən şeirlərdə unudulmaz rəhbər, dahi insan, böyük azərbaycanlı Heydər Əliyevə sonsuz sevgi və ehtiram ifadə olunurdu. Sonda zamanımızın populyar ifasına çevrilmiş “Sən elə zirvəsən ki...” mahnısını, ulu öndər Heydər Əliyevin canlı şahidi olmayan, onu yalnız kitablardan, fotoşəkillərdən və sənədli kinofilmlərdən tanıyan məktəbin aşağa sinif şagirdləri bir ağızdan elə şövq və məhəbbətlə ifa etdilər ki, müəllimlər belə heyranlıqlarını gizlədə bilməyib onlara qoşuldular. Bu bir daha onu göstərirdi ki, qədirbilən Azərbaycan xalqı öz əbədiyyətə qovuşan dahisini həqiqətən tarixə tapşırıb və zaman onu bu tarixdə əbədi yaşadacaq.

İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto), “Xalq qəzeti”

Keçidlər