59 nömrəli məktəbdə "Heydər Əliyev-Bütövlənən qalib Azərbaycan " mövzusunda tədbir keçirildi
Mayın 6-da Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev-Bütövlənən qalib Azərbaycan"adlı tədbir keçirildi.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, YAP Xətai rayon təşkilatının nümayəndəsi Ənvər Bayramov, şəhid ailələri, məktəbin şagird və müəllim kollektivi və digər qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Milli Qəhrəman Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədova Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs etdi: "Bu xidmətlərdən söhbət açarkən Ulu Öndərin azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımları xüsusi vurğulamalıyıq. Ümummilli Lider azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan dilimizin, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin qorunmasına, inkişaf etdirilməsinə çağırışlar edirdi. Bu fikir daim önə çəkilirdi ki, hər bir xalqın beynəlxalq aləmdə tanınmasında, varlığını təsdiqləməsində dili, milli-mənəvi dəyərləri, ədəbiyyatı və mədəniyyəti xüsusi yer tutur."
Pikə Əhmədova bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları daim xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə və qüdrətlənməsinə misilsiz töhfələr vermişdir: "İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Tədbirdə qeyd olunub ki, bu gün ölkəmiz Ulu Öndərin dövlətçilik ideallarının işığında ardıcıl olaraq hərtərəfli şəkildə inkişaf edir. Bu dövrün parlaq hadisələri və nailiyyətləri Heydər Əliyevin ölməz adı, böyük ideyaları ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində həm beynəlxalq miqyasda, həm də respublikamızda qazandığı tarixi zəfərlərlə, həyata keçirdiyi möhtəşəm proqramlarla Heydər Əliyev ideyalarını daha da zənginləşdirməyə və Azərbaycan tarixinin yeni bir dövrünü yaratmağa nail olmuşdur. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır, Qarabağ işğaldan azad edilib. Üçrəngli Azərbaycan bayrağı Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Laçında, ümumilikdə işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi gündəlik diqqət və qayğıdan söz açıb, şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi üçün kompleks işlər görülməsindən bəhs etdilər.
Tədbirdə şagirdlərin ifasında Ulu Öndər Heydər Əliyevə, Vətənə, Qarabağa həsr olunmuş ədəbi-bədii kompazisiyalar nümayiş olundu.
Tədbirin sonunda "Yaşat" Fonduna yardım məqsədi ilə təşkil olunan satış-sərgi nümayiş olundu.