Xətai rayonu ümummilli lideri əbədi sevgi və böyük ehtiramla yad etdi
Xətai rayonunda da müstəqil Azərbaycanın simvoluna çevrilən, ölkəmizin taleyində misilsiz rol oynamış ümummilli lder Heydər Əliyevin anım günü ilə bağlı keçirilən ulu öndərin abidəsini ziyarəti ilə başladı. Rayon rəhbərliyi, YAP Xətai rayon təşkilatının idarə heyətinin üzvləri, idarə və müəssisə rəhbərləri ziyalılar və ictimaiyyət nümayəndələri rayonunHeydər parkındakı abidənin önünə tər çiçək dəstələri qoyaraq, dövlət qurucusunun nurlu xatirəsini hörmətlə yad etdilər.
Xətai rayon icra hakimiyyətinin geniş iclas salonunda davam edən anım mərasimini rayonun icra başçısı Razim Məmmədov açaraq bildirdi ki, bu gün müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri, ölkəmizin aydın sabahı naminə həyatını belə əsirgəməyən Heydər Əliyevin əbədiyyətə qovuşmasından 12 il keçir. Lakin xalqımız bu dahinin nurlu xatirəsini bir an belə unutmur, onun ideallarına böyük sədaqət nümayiş etdirir.
Böyük dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salan R. Məmmədov qeyd etdi ki, ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın milli tarixinin yaradıcısıdır. Çünki o müstəqil milli dövlətçiliyin təməlini qoyan, onu pillə-pillə ucaldan bir şəxsiyyətdir. Bu mənada tam qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda döyüşən və onun qələbəsini təmin edən istedadlı sərkərdədir.
Heydər Əliyevin mübarizliyi bir çox siyasətçilərdən fərqli olaraq, onun sözündə yox, əməlində idi. Onun tərcümeyi-halı aydın göstərir ki, yüksək ali dəyərləri öyrənib təfəkküründən keçirmiş, dünyanın və zamanın dərkinə səyini heç zaman əsirgəməmiş bu dahi bütün ali keyfiyyətlərini xalqının və Vətəni Azərbaycanın azad və xoşbəxt gələcəyinə xidmət etməyə səfərbər etmişdi.
R.Məmmədov çıxışının sonunda qeyd etdi ki, bu, polad iradəli şəxsiyyət böyük sərkərdə dühası ilə gənc müstəqil Azərbaycanı xoas və anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən ustalıqla çıxararaq tərəqqiyə, yüksəlişə, davamlı sabitliyə, hüquqi, demokratik dövlətə doğru apara bilmiş və həyatının son məqamında belə yaratdığı bu möhtəşəm əsəri öz sədaqətli və dəyanətli silahdaşına etibar etməklə yeni möhtəşəm bir xidmətə imza atmışdır.
Razim Məmmədovun təklifi ilə xalqımızın dahi oğlunun xatirəsi bir dəqəqəlik sükutla yad edildikdən sonra Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov geniş məruzə ilə çıxış etdi. Nati dahi Azərbaycan oğlunun əbədiyyətə qovuşmasından keçən 12 ildə onun insanlara daha da yaxınlaşdığını bildirərərk dedi:
--XIX əsrin tanınmış Amerika şairi Henri Longfello yazır; “ Böyük insanlar əbədiyyətə qovuşanda onların saxladıqları nur çox uzun illər sonra da bəşəriyyətin yolunu işıqlandırmaqda davam edir.” Heydər Əliyev elə bir nadir şəxsiyyət və möhtəşəm dövlət xadimi idi ki, onun işığı hələ neçə əsrlər müstəqil Azərbaycan dövlətinin, onun bütün varlığı ilı sevdiyi Azərbaycanın və Azərbaycan xalqının yolunu işıqlandıracaq.
Natiq gənc müstəqil Azərbaycanın ağır siyasi- iqtisadi böhran illərini xatırladaraq qeyd etdi ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən idi. O illərdə müxtəlif siyasi ambisiyalarla meydana atılan başabəla siyasətçilərdən fərqli olaraq, Heydər Əliyev hakimiyyətə ölkəsinə və xalqına xidmət etmək üçün bir vasitə kimi baxırdı. Hakimiyyət və böyük nüfuz heç zaman onun gözlərini qamaşdırmamışdı. Bəzən adama elə gəlirdi ki, bu insan üçün böyük bir politoloji tədqiqat mərkəzi işləyir. Həqiqətdə isə bu mərkəz onun özü, onun aydın zəkası və dərin təfəkkürü idi.
H.Mirələmov həmçinin qeyd etdi ki, Heydər Əliyev hakimiyyət məsuliyyətini üzərinə götürdüyü ilk gündən yüksək səviyyəli peşəkarları və intelektualları ətrafına topladı. Çünki onlar hakimiyyət orqanlarının təkcə icraçıları deyildilər və yeni formalaşan müstəqil dövlətin quruculuq prosesinə öz töhfələrini verməli idilər. Bu seçimi o, rəhbəri olduğu Yeni Azərbaycan Partiyası qarşısında da əsas prinsip kimi qoymuşdu. Hakimiyyətinin ilk illərində YAP-ın rəhbər orqanlarının nümayəndələri ilə görüşlərinin birində deyirdi: “Bizim partiya yüksək intellektə, biliyə malik olan insanların partiyası olmalıdır. Biz bunu nəzərə alaraq istərdik ki, partiyanın təşkilatları, onun əsas orqanları ziyalılardan, alimlərdən, yüksək biliyə, mütəxəssis keyfiyyətlərinə malik olan adamlardan təşkil edilsin.” Bu ondan irəli gəlirdi ki, Heydər Əliyev daim yeni ideyaları və fikirləri eşitməyə və onları öz təfəkküründən keçirib qəbul etməyə hazır bir insan idi.
Tədbirdə həmçinin “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, Xətai rayon prokuroru Yusif İldırımzadə, YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli və başqaları da çıxış edərək ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı fikirlərini bölüşdülər. Xüsusi qeyd olundu ki, 1993-cü ildə dövlət başçısı kimi hakimiyyətə qayıdan Heydər Əliyevin sanki dəqiq düşünülmüş və qeyri-adi müstəqillik konsepsiyası mövcud idi və o məqsədyönlü şəkildə bunu həyatda reallaşdırırdı. Onun prezidentliyinin yüz günü üçün də, bir ili, hətta beş ili üçün də konkret yazılıb nümayiş etdirilən platforması, proqramı yox idi. Amma müşahidələr, siyasi fəaliyyətinin təhlili insanda elə təsəvvür yaradır ki, sanki bu dahi hər şeyi konkret bir layihə üzrə həyata keçirir.
Çıxış edən bütün natiqlər sonda qeyd etdilər ki, müstəqillik tariximizdə Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin davamı olan Prezident İlham Əliyev dövrü Azərbaycanı bölgənin liderinə, dünyada söz sahibinə çevirən dinamik inkişaf və möhtəşəm quruculuq mərhələsi kimi tarixə yazılmaqdadır. Məhz ulu öndər Heydər Əliyevin 2003-cü ildə uzaq Klivlenddən xalqa müraciətindən sonra Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev milli maraqları dövlət siyasəti səviyyəsində daha geniş şəkildə həyata keçirilməsini davam etdirdi. Bu maraqlar həm ölkə daxilində siyasi, iqtisadi, həm də Azərbaycan üçün xüsusi önəm daşıyan xarici siyasət sahəsində düşünülmüş və olduqca dəqiq hazırlanmış konsepsiyalar əsasında təmin edildi.
Sonda mərasim iştirakçıları böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən sənədli filmə tamaşa etdilər.
İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto), “Xalq qəzeti”