Şriftin ölçüsü :

Saytın rəngi :

“Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu” mövzusunda Xətai rayon müşavirəsi

07 dekabr 2012 | 11:00

6 dekabr 2012-ci ildə Xətai rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə birgə “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu” mövzusunda rayon müşavirəsi keçirilmişdir. Müşavirəni giriş sözü ilə Xətai RİH Başçısının birinci müavini Zaməddin Əkbərov açmışdır. O, rayon ərazisində yerləşən binalarda mütəxəssis rəyi və icazə sənədi olmadan qaz xətlərinin özbaşına çəkilməsi, mənzillərdə, binadaxili qeyri-yaşayış sahələrində, zirzəmilərdə texniki şərtlərə və normativlərə uyğun olmayan qaz cihaz və avadanlıqlarının quraşdırılması ilə əlaqədar olaraq əhalinin təhlükəsizliyinin təmin olunması və mənzil fondunun yanğın təhlükəsizliyindən qorunması üçün qaz təsərrüfatının payız-qış mövsümünə hazırlıq işlərinin təşkili və qəzaların qarşısının alınması üçün Rayon İcra Hakimiyyətinin başçısı Cənab Razim Məmmədovun tapşırığına əsasən Qərərgahın yaradıldığını və yanğından mühafizə tədbirləri ilə əlaqədar müvafiq əmrin imzalandığını, qaz avadanlıqları və qurğularına nəzarətin gücləndirildiyini bildirmiş, insanların yanğın hadisələri zamanı davranış qaydaları barədə maarifləndirilməsinin əhəmiyyətindən danışmışdır. Sonra FHN-nin Bakı Regional Mərkəzinin rəis müavini , polkovnik Cəfər Məmmədov çıxış etmişdir. Çıxış zamanı FHN-nin fəaliyyət istiqamətləri və struktur bölmələri barədə məlumat verilmişdir. Daha sonra dəm qazı ilə zəhərlənmə hallarının qarşısının alınması ilə bağlı videomaterial nümayiş etdirilmişdir.
Videomaterialın nümayişindən sonra Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin şöbə müdiri Elgün Ələkbərov yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları haqqında geniş məlumat verdi. Daha sonra Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Nizami Fərəcov yanğın təhlükəsizliyi qaydaları barədə çıxış etmişdir.
Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Qaz İstismar Sahəsi , Enerji Təchizatı və Satışı İdarəsinin rəisləri, 7 saylı Köməkçi Tibbi yardım stansiyasının baş həkiminin müavini aidiyyatı üzrə görülən profilaktik tədbirlərdən, əhali arasında maarifləndirmə işlərindən,yanğın zamanı ilkin tibbi yardımın göstərilməsi üsullarından söz açmış, onlara ünvanlanan sualları cavablandırmışlar.
Xətai RİH Başçısının birinci müavini Z.Əkbərov sonda müşavirəni yekunlaşdıraraq yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında Rayonun idarə, müəssisə və təşkilatların əməkdaşları tərəfindən əhalinin maarifləndirilməsi işinin daha da gücləndirilməsinin vacibliyini qeyd etmişdir.
 

Keçidlər