Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqlar onlara sevinc bəxş edənləri heç zaman unutmurlar

29 dekabr 2015 | 11:00

Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov 3saylı uşaq evinin sakinlərini  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik etmək üçün əvvəlki ünvana yox, Buzovna qəsəbəsinə yollandı. Çünki  rayonun ərazisindəki uşaq evinin binasında əsaslı təmir işləri başa çatmadığından, dövlətin qayğısına və müdafiəsini sığınmış uşaqlar  müvəqqəti olaraq müəssisənin, hələ 2012-ci ildə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində əsaslı təmir olunmuş Buzovna qəsəbəsindəki yay istirahət düşərgəsində yerləşdirilmişdilər. 

Razim Məmmədov başda olmaqla Xətai rayon İcra Hakimiyyətinin əməkdaşlarını 3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynova və kollektivin üzvləri qarşıladılar. Qonaqlar əvvəlcə uşaqların yaşayış, məişət şəraitləri ilə tanış oldular və özləri ilə gətirdikləri bayram sovqatlarını uşaq evinin sakinlərinə təqdim etdilər. Sonra düşərgənin iclas salonunda bayram toplantısı keçirildi.

Toplantıda çıxış edən R.Məmmədov uşaqları hər iki bayram münasibətilə təbrik edərək bildirdi ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Natiq son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edərək bildirdi ki,  Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva uşaqların, xüsusilə valideyn qayğısından məhrum olmuş uşaqların  problemlərinə böyük diqqətlə yanaşırlar. Heydər Əliyev Fondu tərəfindən bu uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində bir çox önəmli layihələr həyata keçirilir.


Razim Məmmədov çıxışının sonunda bir daha qeyd etdi ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması və bir çox digər dövlət proqramlarının qəbul edilməsi və reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bir daha onu göstərir ki, Azərbaycan dövləti və onun Prezidenti cənab İlham Əliyev milli genefondumuzun sağlam böyüyüb formalaşmasını öz fəaliyyətinin əsas prioritetlərindən hesab edir. Başqa cür ola bilməz, çünki uşaqlar milli kimliyimizin daşıyıcıları, xalqımızın gələcəyidirlər.

Uşaq evinin direktoru Məhbubə Hüseynova isə çıxışında  onları heç zaman unutmadıqları, bütün bayramlarda valideyn himayəsindən məhrum olmuş uşaqlara gəlişləri ilə daim sevinc bəxş edən icra hakimiyyətinin başçısı razim Məmmədova və onun rəhbərlik etdiyi aparatın kollektivinə öz adından, uşaq evinin sakinləri adından minnətdarlığını bildirdi. Direktor xüsusi vurğuladı ki, bu uşaqlar onlara sevinc bəxş edən belə qonaqları heç zaman unutmurlar.  

Təbriklərdən sonra qonaqlar uşaq evinin gənc istedadlarının təşkil etdikləri bayram konsertində iştirak etdilər.

İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”

Keçidlər