Şriftin ölçüsü :

Saytın rəngi :

Qarşıda ciddi vəzifələr durur

12 yanvar 2016 | 11:00

Bu gün Xətai Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat yığıncağı rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun iştirakı ilə keçirildi.
Məruzə ilə çıxış edən ərazi dairəsi üzrə nümayəndə Dəyanət Əzizov ərazisində görülən işlərdən, təşkilat və texniki məsələlərdən məlumat verərək qeyd etdi ki,  2014-2016-cı illər üçün Dövlət Proqramına uyğun olaraq Protez Ortopedik Bərpa Mərkəzi əsaslı təmir edilmiş, 3 saylı körpələr evinin təmir işləri isə hazırda davam etdirilir. Dövlət Proqramında əksini tapmış digər problemlərin də əksəriyyəti çox böyük sürət və təşəbbüskarlıqla həlli olunmuş, sakinlərin sosial – məişət qayğılarının vaxtında və keyfiyyətli həllinə xüsusi diqqət yetirilmişdir.
Məruzədə qeyd olundu ki, ötən ildə rayonda aparılan genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri çərçivəsində nümayəndəliyin ərazisindəki əsas və məhəllədaxili yollarda  2563 kvadratmetr asfalt örtüyü yenilənmişdir. Bu ərazilərin işıqlandırılması işləri davam etdirilmiş, yaşayış binalarında su, qaz və elektrik enrjisinin  fasiləsiz təchizatının təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür. Qış mövsümündə əhalinin istiliklə təmin olunması üçün 29 yaşayış binasında əsaslı və cari təmir işləri aparılmış, hündürmərtəbəli binalarda 486 yeni  lift quraşdırılmışdır.
Qarşıda daha mühüm vəzifələrin olduğunu bildirən natiq, rayon rəhbərliyinin qayğısı ilə  bu vəzifələrə ciddi yanaşacaqlarına və tapşırılan işləri yüksək məsuliyyətlə yerinə yetirəcəklərinə söz verdi.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hesabat yığıncağında çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında açıqlanan rəqəmlər, göstərilən arqumentlər, hətta dünyada iqtisadi böhranın kəskinləşdiyi bir dövrdə,   ölkəmizdə həyata keçirilən dövlət siyasətinin sosial xarakterini və  onun sosial ədalət prinsiplərinin qorunub saxlanmasına istiqamətləndiyini əyani şəkildə nümayiş etdirdi. Bu da ondan irəli gəlir ki, vaxtında həyata keçirilən düzgün iqtisadi siyasət nəticəsində 2015-ci ildə də ölkəmizdə ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır.
Natiq xüsusi qeyd etdi ki, Azərbaycan Prezidenti neftin qiymətinin kəskin aşağa düşməsilə bağlı dünyanı çalxalayan maliyyə-iqtisadi böhranının ölkəmiz üçün də qaçılmaz olan fəsadlarının qarşısını almaq, xalqın bu böhrandan ciddi problemlər yaşamasına imkan verməmək üçün çox ciddi tədbirlər həyata keçirir. Bu tədbirlərdən ən önəmlisi isə, ciddi iqtisadi islahatlarla yanaşı,  aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirməkdən, onların yaşayış şəraitinin ağırlaşmasına imkan verməməkdən ibarətdir.
İqtisaiyyatımızın təməlinə çevrilmiş bu sosial – siyasi inkişaf dinamikası Xətai rayonunda da özünü parlaq şəkildə nümayiş etdirir.  Bu gün sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin illik hesabatlarından da aydın olur ki,
rayonumuzda uzun illərdən bəri həllini tapa bilməyən bir çox sosial problemlər artıq tarixə, keçmişə çevrilir. İki  ildən artıqdır ki, investisiya proqramına uyğun olaraq paytaxtın, eləcə də ətraf kənd və qəsəbələrin içməli su təchizatı sistemi yenidən qurulur və kanalizasiya şəbəkələrinin yaradılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Nəinki paytaxtın, artıq regionların fasiləsiz enerji təchizatı ilə bağlı heç bir problem qalmamışdır. Bakının qaz təchizatı problemlər syahısından demək olar ki, çıxmışdır.
Razim Məmmədov görülən işlərə münasibət bildirərək qeyd etdi ki, artıq  inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin ötən üç il ərzində fəaliyyətləri onların səmərəliliyini, işlərini günün tələbləri səviyyəsində qurduğunu göstərir. Ancaq bundan arxayınlaşmaq olmaz. Çünki qarşıda cox ciddi vəzifələr durur və onların həyata keçirilməsində, rayonun bütün qurumları kimi, onlar da çevik olmalı və təşəbbüskarlıq göstərməlidirlər.

Keçidlər