Vətəndaşların qayğılarına həssas yanaşmaq lazımdır
Xətai rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı icra hakimiyyəti başçısı Razim Məmmədovun, eləcə də rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirildi. Ərazi dairəsi üzrə nümayəndə Məhəmməd Hüseynov hesabat məruzəsi ilə çıxış edərək Xətai rayonunun 72 minə yaxın sakininin yaşadığı 2,6 kvadratkilometrlik ərazisində görülmüş işlər haqqında ətraflı məlumat verdi.
Məruzədə ərazi üzrə yaşayış binalarının, mədəniyyət, təhsil, səhiyyə və sosial təyinatlı müəssisələrin, həmçinin dövlət obyektlərinin su, qaz, elektrik və istilik enerjisi ilə normal təchizatının təmin olunması üçün xidmət sahələrinin işlərinə, mühəndis-kommunikasiya xətlərinin işlək vəziyyətdə saxlanmasına ciddi nəzarət olunduğu qeyd edildi. Natiq vurğuladı ki, inzibati ərazidə yerləşən10 orta məktəb, 14 uşaq baxçası, qadın məsləhətxansı, uşaq poliklinikası, təcili tibbi yardım stansiyası və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin poliklinikası normal fəaliyyət göstərmiş və heç bir problemlə qarşılaşmamışdır.
Küçə və meydanların, park və xiyabanların abadlaşdırılması, məhəllədaxili abad həyətlərin salınması, ərazinin sanitar təmizliyinin qorunması üçün müvafiq tədbirlər görülmüş, vaxtaşırı iməciliklər keçirilmiş, ehtiyac olan yerlərdə gül və ağac kolları əkilmiş və onların becərilməsi təmin olunmuşdur.
M.Hüseynov qeyd etdi ki, bir-çox ünvanlarda yaşayış binalarının ətrafında sakinlər tərəfindən zəbt olunmuş sahələrin yöndəmsiz çəpərləri ərazi nümayəndəliyi tərəfindən sökülmüş və həmin sahələr abadlaşdırılaraq istirahət üçün sakinlərin istifadəsinə verilmişdir. Ərazi nümayəndəliyi ötən il Milli Məclisə növbəti seçki kampaniyasının uğurla keçirilməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq üzərinə düşən vəzifələri də uğurla yerinə yetirmişdir.
Xətai rayon icra hakimiyyətinın başçısı Razim Məmmədov yığıncaqda çıxış edərək billdirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etdiyi kimi, Azərbaycanda “keçən il bütün sosial proqramlar icra edilmişdir. Heç bir ixtisar olmamışdır... Biz bu il də bütün sosial proqramları tam icra edəcəyik. Bu barədə heç kimin şübhəsi olmasın.” Dövlət başçısının bu qətiyyətli fikirləri bizim qarşımızda çox ciddi vəzifələr qoyur. Ancaq biz qəti əminik ki, Prezident İlham Əliyevin sosial-iqtisadi strategiyasının reallaşması nəticəsində, bizdən asılı olmayan səbəblər üzündən, ölkəmizdə meydana çıxan iqtisadi problemləri də uğurla həll edəcəyik.
R.Məmmədov ərazi nümayəndəliyinin hesabatına diqqət çəkərək qeyd etdi ki, möhtərəm Prezident üç il əvvəl ərazi nümayəndəliklərinin yaradılmasına sərəncam verərkən, dövlət qurumlarının, xüsusilə icra strukturlarının xalqla sıx təmasda işləməsinin necə böyük əhəmiyyət kəsb etdiyini nümayiş etdirdi. Bu il, dünya iqtisadi və maliyyə böhranının ölkəmizin də iqtisadi həyatını problemlər qarşısında qoyduğu bir vaxtda, bizdən vətəndaşların problemlərinə, onların sosial-məişət qayğılarına daha həssas yanaşmağı tələb edir. Rayon ərazisindəki ticarət və sosial,məişət xidmət obyektlərində vətəndaşlara xidmətin səviyyəsi, keyfiyyətilə yanaşı, sabit qiymətlərin olmasına da diqqət göstərmək lazımdır.
İcra hakimiyyətinın başçısı yekunda sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin kollektivinə işlərini günün tələbləri səviyyəsində qurmaq üçün müvafiq tövsiyyə və tapşırıqlarını verdi.