Şriftin ölçüsü :

Saytın rəngi :

Əbədiyaşar milli sərvətimiz - HEYDƏR ƏLİYEV

11 dekabr 2012 | 11:00

10 dekabr 2012-ci ildə müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli liderimiz Heydər Əliyevin vəfatının 9-cu ildönümü münasibəti ilə Xətai rayonunun idarə, müəssisə və təşkilat, təhsil,səhiyyə müəssisələrinin, rayon ictimaiyyətinin nümayəndələri, Milli Məclisin üzvləri, elm xadimlərinin və KİV-lərin iştirakı ilə anım tədbiri keçirilmişdir. Öncə Dahi şəxsiyyətin rayonun Heydər parkındakı büstü ziyarət edilmiş və büstün önünə gül dəstələri qoyulmuşdur. Daha sonra anım mərasimi YAP Xətai rayon təşkilatının akt zalında davam etdirilmişdir.
Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, sonra Xətai rayon İcra Hakimiyyətinin başçısı, YAP rayon təşkilatının sədr müavini cənab Razim Məmmədov açılış edərək tarixin Azərbaycan xalqına bəxş etdiyi ən böyük dahi şəxsiyyət-dünya şöhrətli fenomen insan, böyük zəka sahibi, amalı yaratmaq, məqsədi xalqa xidmət etmək, Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində və qüdrətli ölkəyə çevrilməsində etdiyi misilsiz xidmətlərdən söz açmış və bildirmişdi ki, xalqımız hər il ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edir, Onun şəxsiyyətinə böyük hörmətini və ehtiramını ifadə edir. Xalqımız heç zaman unutmur və heç zaman da unutmayacaq ki, müasir Azərbaycan tarixi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Heydər Əliyev siyasi xəttinin uğurlu davamının nəticəsidir ki, Azərbaycan gündən-günə inkişaf edir,bütün sahələrdə böyük nailiyyətlərə imza atılır. Artıq İqtisadi inkişafın Azərbaycan modelinin dünya dövlətləri üçün bir örnək olduğunu bildirən Razim Məmmədov qeyd etdi ki, Ümummilli liderimizin layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bu inkişaf bundan sonra da uğurla inkişaf edəcək, müəyyənləşdirdiyi strateji hədəflərə uğurla çatacaq.
Milli Məclisin deputatı Səməd Seyidov çıxışı edərək qeyd etdi ki, Demokratik dövlət quruculuğu istiqamətində Heydər Əliyevin ən mühüm addımlarından biri də o olmuşdur ki, Azərbaycan Avropa Şurasına üzv qəbul edildi. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın bir çox ölkələr, mötəbər beynəlxalq təşkilatlar ilə əlaqələri gündən-günə möhkəmlənmişdir. Bu gün Azərbaycan ATƏT, Avropa Şurası, NATO Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq edir. Azərbaycanın müstəqilliyinin ilk illərində bunu gözü götürməyən qüvvələr dəfələrlə terror aktları törətmiş, dövlət çevrilişinə cəhdlər olmuş, hətta Heydər Əliyevin həyatına sui-qəsd cəhdləri də olmuşdur. Lakin bütün bunlar ümummilli lideri qorxutmamışdır. Onun özü bəyan etmişdir ki, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”. Onun yolu xalq yolu idi. Onun yolu haqq yolu idi. Ona görə Heydər Əliyev ən ağır mübarizələrdən belə qalib çıxırdı. Onun arxasında yalnız bir qüvvə var idi, bu, xalqın qüvvəsi idi. Odur ki, Azərbaycan xalqı Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaqdır. Heydər Əliyev xalqın qəlbində ümummilli lider olaraq daim yaşayacaqdır.
Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov bildirdi ki, bugünkü Azərbaycanın firavanlığını qiymətləndirən hər bir Azərbaycan vətəndaşı, Heydər Əliyevin ölkəni xaosdan, anarxiyadan xilas etməsi istiqamətində titanik səylərini göz önündə canlandırır. Təbii ki, ölkə vətəndaşları bugünkü Azərbaycanın gündən-günə inkişaf edən iqtisadiyyatını, insanların rifah halının yaxşılaşmasını və bütün bunların əsası olaraq Heydər Əliyev səylərinin və müdrikliyinin birbaşa təzahürü olan tarixi neft strategiyasını xatırlayır. Ona görə də Heydər Əliyev hər zaman xalqımızın qəlbində yaşayır və yaşayacaq.
Dəvət edilmiş digər qonaqlar Heydər Əliyevlə bağlı xatirələrdən söz açaraq onun nəsillərə nümunə olan ibrətamiz ömür yolu və ictimai-siyasi fəaliyyəti, vətənə, xalqa və dövlətçilik ideyalarına sonsuz sədaqətindən bəhs etdilər.
Sonra isə Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirildi.
 

Keçidlər