Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon gəncləri dövlətə və dövlətçiliyə daim sədaqət nümayiş etdiriblər

01 fevral 2016 | 11:00

Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Gənclər Günü münasibətilə keçirilən toplantını  rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva açaraq bildirdi ki,  ümummilli lider Heydər Əliyev gənclərimizin Azərbaycanın ictimai-siyasi həyatdakı, müstəqil dövlətçiliyimizin inkişafındakı yerini və rolunu həmişə yüksək qiymətləndirmişdir. Məhz bunu nəzərə alaraq, ulu öndər 1997-ci ildə fevral ayının 2-ni Azərbaycanda Gənclər Günü kimi qeyd edilməsinə qərar vermişdir. 
     Azərbaycan gəncliyinin ölkənin sosial-iqtisadi inkişafında fəal iştirakinı, beynəlxalq aləmdə ölkəmizi  layiqincə təmsil etdiyini söyləyən natiq  vurğuladı ki, bu gün də hər bir Azərbaycan gənci ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın qlobollaşan dünyadakı mövqeyinin möhkəmlənməsi naminə  yürütdüyü siyasətdə fəal iştirak edir. Sevindirici haldır ki, Azərbaycan gəncliyi yalnız müşahidəçi rolu ilə kifayətlənmir və ölkənin siyasi həyatında öz sözünü deyir.
     Xətai rayonunun gənclərinin də bu işlərdə fəallıq göstərdiklərini vurğulayan natiq qeyd etdi ki, rayonumuzun bu nəslinin  gənclər hərəkatında öndə olması və Azərbaycan Prezidentinin strateji siyasi xəttini dəstəkləmələri bizi daha çox sevindirir.
    J.Abdiyeva  Xətai rayon gənclərinin 2015-ci ildə qazandığı uğurlardan da ətraflı məlumat verərək bildirdi ki, bu uğurların böyük bir hissəsi təhsilin payına düşür. Çünki 2014-2015-ci tədris ilində 5məzunumuz orta məktəbi qızıl medalla bitirmiş, 1576 məzunumuz yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunmuş, onlardan 6-ı Prezident təqaüdünə layiq görülmüşdür.
    Toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev bildirdi ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan dövlət gənclər siyasəti 2003-cü  ildən uğurla və qətiyyətlə həyata keçirilməkdədir.  Əzmlə deyə bilərik ki, indi bu siyasət  həm mahiyyət , həm də keyfiyyətcə yeni mərhələsini yaşayır.
     Natiq “Azərbaycan Gəncliyi 2011-2015-ci illər” Dövlət Proqramında öz geniş əksini tapmış vəzifələrin uğurla həyata keçirilməsindən,  dövlət başçısının gənclərə göstərdiyi qayğıdan,  Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən,  gənclərlə bağlı müxtəlif  layihələrin həyata keçirilməsindən, Azərbaycanın dövlətçiliyinin və  müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində gənclərin üzərinə düşən vəzifələrdən geniş söhbət açdı.
   F.Hacıyev çıxışında həmçinin gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlərdən, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkanlardan söz açaraq bildirdi ki, bütün bu məsələlərə   dövlət başçısı səviyyəsində daim böyük diqqət və qayğı göstərilir.
      Təbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, əmək fəaliyyətlərində fərqlənən bir çox gənc mütəxəssis Xətai Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar. Sonra mədəniyyət və incəsənət ustalarının iştirakı ilə konsert proqramı nümayiş etdirildi.

Keçidlər