Xocalı parkında abadlıq işləri davam edir
Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonunda yerləşən Ana fəryadı abidəsinin yerləşdiyi parkda yenidənqurma işləri sürətlə davam etdirilir.
Azərbaycan xalıqının qan yaddaşı olan Xocalı soyqırımınına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.
Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin “Xocalı soyqırımının 24-cü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq Xətai rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Plana əsasən, abidənin yerləşdiyi 1050 metr uzunluğunda olan parkda müxtəlif naxış formalarını özündə əks etdirən 120 mindən çox gül və bəzək kolunun əkilməsinə başlanılıb.
Hər il fevralın 26-da minlərlə soydaşlarımızın ziyarət yerinə çevrilən park və ətrafı milli memarlıq nümənələrini özündə əks etdirən üzlük daşlı məhəccərlərlə əhatə olunub. Bütün bunlarla yanaşı parkın ərazisini əhatə edən yaşayış binaları və inzibati obyektlərin fasadlarında ümumi sahəsi 1200 kv.m. əraziyə Xocalı faciəsini əks etdirən foto bannerlərin quraşdırılması nəzərdə tutulub.
Bununla yanaşı anım günü ilə bağlı ziyarətçilərin gediş-gəlişi rahat təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri həyata keçirilir.