Xocalı faciəsində həlak olan insanların ailə üzvləri ilə görüş keçirildi
Xətai rayon icra hakimiyyətində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar faciədə həlak olan insanların ailə üzvləri ilə görüş keçirilib. Rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək bildirdi ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadan həyata keçirilən bu soyqırım aktı xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönələn siyasi addımdır. Qeyd olundu ki, ulu öndər Heydər Əliyev növbəti dəfə hakimiyyətə gəldikdən sonra faciəyə siyasi-hüquqi qiyməti verildi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü işlər həyata keçirilir.
Tədbirdə çıxış edən millət vəkili Hüseynbala Mirələmov bildirdi ki, Xocalı faciəsinin tanıdılması istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər danılmazdır. Fondun vitse prezidenti Leyla Əliyevanın təşəbüssü ilə həyata keçirilən “Xocalıya ədalət ”kampaniyası faciənin dünya içtimaiyyətinə çatdıırlmasında mühüm rol oynayır.
Tədbirdə o da vurğulandı ki, hazırda rayon ərazisində Xocalıdan olan 12 ailə yaşayır. Soyqırımla bağlı rayon icra hakimiyyəti tərəfindən 1000-ə yaxın xüsusi buklet hazırlanıb, müəssisə və təşkilatlara paylanılıb. Bukletdə ümummilli lider Heydər Əliyevin Xocalı soyqırım ilə bağlı dediyi fikirlər, Xocalı soyqırımı ilə bağlı faktlar Azərbaycan və ingilis dillərində yer alıb. Həmçinin Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılan abidə əks olunub, soyqırım zamanı ermənilər tərəfindən qətlə yetirilən
körpə uşaqların fotoşəkilləri çap edilib.
Çıxış edən Xocalıdan olan məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq etdilər.
Sonda tədbir iştirakçıları faciədə həlak olanların xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzdülər.